“Xəzər Lənkəran”ın Uşaq Futbol Akademiyasının rəhbəri İlhan Akgülün “Qafqazinfo”ya müsahibəsi:
- Əsas komanda fəaliyyətini dayandırsa da, siz davam edəcəksiniz...
- Klub rəhbrərliyi bildirdi ki, akademiyamız davam edəcək. Mənim də bir il yarımlıq müqaviləm var. Akademiyanın rəhbəri mən olacam. Əvvəlki kimi yoluma davam edəcəm. Amma bəzi problemlər ortaya çıxıb. “Xəzər Lənkəran”ın əsas komandası fəaliyyətini dayandırdı deyə başqaları bizim uşaq futbolçularımızı almaq istəyirlər. Mən sizin vasitənizlə də bildirmək istəyirəm ki, olduğumu kimi davam edirik. Azərbaycan futbolu və öz klubumuz üçün uşaqların inkişafı, əxlaqı üçün hər şey axarı ilə gedəcək. Heç bir problem yoxdur. Lakin “biz “xəzər”liyik”, “biz lənkəranlıyıq” deyənlər, özünü “müəllim” adlandıranlar uşaqları yoldan çıxarırlar. Deyirlər ki, “Xəzər Lənkəran” getdi, gəlin sizi bu kluba aparım, o kluba aparım. Bunu da 150-200 manat üçün edirlər. Həm uşaqlara, həm də bizə zərər vururlar. Həm valideynlərə də təsir edirlər. Biz akademiyada olduğumuz müddətdə əvvəlki qaydada işləyəcəyik. Mən keçən il AFFA-da Bernard Lippertlə görüşəndə bildirmişdim ki, uşaqlar ən azı 16 yaşına qədər öz regionunda böyüməlidir. Mən “Qəbələ”dən, “Zaqatala”dan uşaqları öz klubumuza dəvət etməyim və onlar da burdan aparmasınlar. Bir-iki nəfərdən başqa olmaz. Uşaqların valideyn yanında böyüməsi onun həyatı üçün vacibdir. Təəssüf ki, bəziləri deyir ki, gedim ordan futbolçunu alım və gələn il daha yaxşısı gəlsə, onu komandadan göndərərəm. Bununla da uşaq pis vəziyyətə qalır. Azərbaycanda bu belədir. Bu insanların qarşısını almaq lazımdır. “Xəzər Lənkəran” böyük klubdur. Düzdür, indi maddi çətinliklər var. Buna görə klubdan ayrılmağa dəyməz. Klubu üzü üstə buraxmaq olmaz. Heç bir şəkildə akademiyadan imtina etməcəyəyik. Bizim komandadan gedən 2 futbolçu Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır. Onlar çox əxlaqlı uşaqlardır. Bu bizə yetər. Biz bundan əvvəl klubun əsas komandasına və milli komandalara verdiyimiz futbolçularla nə qədər iş gördüyümüzü sübut etdik. Bizim klubumuzun Azərbaycan futbolunda yeri böyükdür və olacaq da. Çünki biz böyük bir regionun komandasıyıq. Valideynlər də uşaqlarını düşünməlidirlər. Mən futbolçularımı buraxmayacam. Müqaviləsi bitənlər gedə bilərlər.
- Valideynlər niyə uşaqlarınız düşünmür? Bəlkə siz onlarla söhbət etməlisiz?
- Valideynlərin bəziləri pul istəyir. Amma uşaq bu yaşda pul qazanmalıdır. Bizim komandada Tural Bayramov var idi. Ötən mövsüm bombardir oldu. Müqaviləsi bitdi və əmisi onu “Neftçi”yə apardı. 100 manat maaş alacaq deyə. Bundan sonra necə olacaq, özü də bilmir. O, “Xəzər Lənkəran”da davam etməli idi. Bəzi valideynlər sizə dediyim “müəllimlər”in sözünə uyub uşaqlarını aparırlar. Deyirlər ki, orda şərait yaxşıdır, orda vəziyyət əladır. Maaş da verəcəklər. Beyinləri belə yuyurlar. Valideynlər də futbolu bilmədiyi üçün inanır. Amma futbol 6 aylıq, 1 illikm həyat deyil. Uzun illəri əhatə edir. Valideyn isə düşünür ki, orda filan şey var, uşağım güclü futbolçu olacaq, razılaşır. Bir təklif alır və elə bilir ki, uşağı artıq böyük futbolçudur. Amma bilmir ki, 2 il sonra yaxşı biri olanda onu komandadan atacaqlar. Çünki biz bunları gördük. Dəfələrlə bizim komandanı tərk edib, sonra bura qayıtmaq üçün dayanmadan mənə zəng edənlər oldu. Amma mən onlara gedəndə söylədim ki, heç kimə lazım olmayacaqsınız. Ayrılmaq asandır. Bizim məqsədimiz yalnız əhatə etdiyimiz bölgədən olan uşaqları yetişdirməkdir. Ordan-burdan heç kimi almırıq. Başqa akademiyalarda belə sistem yoxdur. Çünki onlar həmişə başqa rayonlardan uşaqlar alırlar. Nümunə üçün İbrahim Qədirzadə, Kənan Səfərov və Yusif Həsənov kimi oyunçular var. Hansı ki, son ildə əsas komandada oynadılar. Onlar gələcəkdə Azərbaycan futboluna kömək edəcəklər. Aşağı yaş qruplarında da Zamir, Xəyal, Nurlan kimi uşaqlar var. Güclü oyunçularımız var. Bunların valideynlərini başa salmaq lazımdır ki, öz bölgələrində inkişaf etmələri daha yaxşıdır.
- Hansı yaş qruplarında mübarizə aparacaqsınız?
- Biz belə düşünürük ki, bütün yaş qrupları davam etsin. U-19 komandamız da oynayacaq. Bəlkə 17 yaşlılardan ibarət komanda olmasın. Digərləri isə olacaq.
- Ötənilki kimi liqalarda oynayacaqsınız?
- Əlbəttə. U-19, U-16, U-15 liqalarda oynayacaq. Digərləri isə regional liqalarda çıxış edir. Hamısında da olacağıq.
- Məqsəd nə olacaq?
- Məqsədimiz başqa komandalara oyunçu satmaq olmayacaq. Əsas komanda üçün futbolçu yetişdirməyə davam edəcəyik. Yəni heç nə olmamış kimi yolumuzdayıq. Belə bir deyim var ki, “heç ölməyəcəyik kimi yaşayacağıq, sabah öləcəyik kimi ibadət edəcəyik”. Oyunçularımızı yetişdirəcəyik. Əsas komanda yenidən qayıda bilər və biz o zaman hazır olmalıyıq. İndi 13-14 yaşında olan futbolçunun əsas komanda ilə bir əlaqəsi yoxdur. Onların hazır olması 3-4 il çəkəcək. Biz indi daha çox oyunçu yetişdirməliyik. Əlimizdə hazır futboçular saxlayacağıq. Mən bura gələndən Azərbaycan millilərinə 9 futbolçu vermişik. Ondan əvvəl say 1 və ya 2 idi. Biz də AFFA tərəfindən gözardı edilməyi istəmirik. Cənub regionunun bir komandası var – “Xəzər Lənkəran”. Bu komandanın bu qədər asan “gözdən çıxarılmasına” qarşıyam. AFFA hər hansı bir yolla kömək etməlidir. İllərdir ki, federasiyaya heç yük olmadıq. Öz pulumuzla Azərbaycan futboluna fayda vermişik. Biz əlimizdən gəldiyini edəcəyik.
- Hazırda futbolçu çatışmazlığı var?
- Bəli. Bəzi futbolçular gözlənilmədən getdi. Bəzi valideynlərin xəbəri yoxdur və burdan deyirəm ki, biz davam edirik. Başqa komanda axtarmağa ehtiyac yoxdur. Daha çox çalışacağıq.
- Digər komandaların məşqçiləri də sizin uşaqlarla danışıq aparır?
- Yox. Çox təəssüf ki, içimizdə olanlar bunu edir. Özünü lənkəranlı adlandıranlar. Mən onları lənkəranlı saymıram. Əsl lənkəranlı bunu etməz. Bizim problemlərimiz olsa da, bunu keçəcəyik. Hər yerdə belə problemlər var və zamanla yoluna düşəcək.
Elsevər