“Heç vaxt onu düşünmürəm” - Nazarov

hec-vaxt-onu-dusunmurem
Oxunma sayı: 910

“Qol vurmaq və komandanın ən sərrast oyunçularından biri sayılmaq yaxşıdı. Ancaq qələbə topunun müəllifi olmağın xüsusi bir önəmi yoxdu”. “Qafqazinfo” xəbər verir ki, bu sözlər Azərbaycan millisinin üzvü Dmitri Nazarova məxsusdur.

Nzarovun formasını geyindiyi “Aue” klubu II bundesliqanın XXVI turunda “Karlsrue”ni məğlub edib – 1:0. Komandanın yeganə qolunu millimizin üzvü 36-cı dəqiqədə penaltidən vurub. Bununla da, o, Paskal Kökpedən sonra 4 qolla komandasının ən məhsuldar ikinci futbolçusu olub.

Nazarov Almaniya mətbuatına verdiyi açıqlamada penalti vurmağın asan olduğunu deyib: “Penalti zamanı topu göndərəcəyim küncü əvvəlcədən müəyyənləşdirirəm. Başqa nəsə fikirləşmirəm. Zərbə anında gördüm ki, qapıçı həmin kücə tullanır. Ancaq bu da mənim üçün problem deyil. Zərbə vurduğum zaman heç vaxt topun qapıdan keçib-keçməyəcəyini düşünmürəm. Sadəcə, topa yaxınlaşıb zərbəni vururam”.

Qeyd edək ki, “Aue” II Bundesliqada turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.