“Heç vaxt sponsorum olmayıb” - - Lalə Məmmədova

hec-vaxt-sponsorum-olmayib-
Oxunma sayı: 3237


- Lalə xanım, sevənlərinizi hansı yeniliklər gözləyir?

- Yeni mahnılar yazdırmışam. Düşünürəm ki, onları radiolara  necə göndərim ki, məndən inciməsinlər. Musiqisi Faiq Şücəddinov, musiqisi Baba Vəziroğluna məxsus “Səni çox sevirəm” mahnısını təqdim edəcəm. İnanıram ki, bu sevənlərin himninə çevriləcək. Elə hisslər var ki, onları qarşımızdakı insana çatdıra bilmirik. Bu bəstənin  müəllifləri də həssas insanlar olduğu üçün “Səni çox sevirəm” əsl sevgi mahnısıdır. Gürcü bəstəkardan da mahnı almışam, oradada fərqli Lalə Məmmədovanı görəcəksiniz. Dəyişkən Lalə olmağı sevirəm. Amma bəstəkarlar mənə həmişə eyni tərzdə mahnılar yazırlar. Düşünürəm ki, müğənni hər cür mahnı ifa etməlidir.

- Yeni kliplər necə olacaqmı?

- Klip çəkdirmək istəyirəm. Ana olduqdan sonra kilo almışdım, xarici görkəmimdən narazı idim. İndi arıqlamışam. Klip çəkdirmək istəyirəm. Lakin klip bazarında əvvəlki kimi rəqabət olmaması məni narahat edir. Arzu edirəm ki,  kliplər üçün yeni kanal açılsın. Televiziyalardansa, sosial şəbəkələr daha çox izləyici toplayır. Mənim rəsmi saytıma girib baxan yoxdur, amma sosial şəbəkədə paylaşdığım xəbər, məlumat artıq bütün saytlarda  yayılır.  Zamanın tələbləri başqadır.  Klipi çəkdirsəm də, istədiyim effekti almıram. Lakin elə mahnılar var ki, onlar efir üçün yaranıb və mütləq ekranlaşdırılmalıdır.  “Bu şəhər ikimizə dar”, Kayahanın “Kar tanələri” mahnılarına klip çəkdirməməyim üçün ürəyimdə qalıb.

- Bəs konsert?

- Konsert böyük zəhmət tələb edir. Jurnalistlərə bu cür suallar vermək asandır, mənə isə cavab vermək çətindir. Konsert üçün maddiyyat lazımdır, hazırlıqlar lazımdır.  

- Kayahan son albomuna sizin ifa etdiyiniz “Kar taneleri” mahnsını da daxil edib. Türkiyəli bəstəkarda sizin ifanızı bəyəndiyini bildirdi.

- Türkiyənin televiziya və radio aparıcısı, musiqi yazarı Mine Ayman “Twitter” səhifəsində  ifam haqda yazmışdı. Mən o qadını tanımıram, lakin musiqi tənqidçisi olaraq haqqımda gözəl sözlər yazmışdı və bildirmişdi ki, Lalə Məmmədova mahnının ruhunu tam çatdırıb. Lakin düşünürəm ki, Kayahan kimi o mahnını gözəl ifa edən olmayacaq.  Mahnıya klip çəkdirmək istəyirəm, lakin çətindir. Mənim heç vaxt sponsorum olmayıb, bütün günü toylarda oxumuram. Ailəmin yükü də üstümdədir Bir klipin ərsəyə gəlməsi üçün o qədər pul qazanmalıyam ki, həm sənətimə  xərcləyim, həm ailəmi dolandırım. 

- Sənət yoldaşlarınız tez-tez qalmaqallarla, ucuz reklamla gündəmə gəlir və sənətçi adını ucuzlaşdırır. Onlara münasibətiniz necədir?

- Təssüflənirəm ki, bu cür hallarla qarşılaşırıq. Amma bunu problemə çevirmirəm. Hər sahəyə ciddi və qeyri-ciddi yanaşanlar olub. Mən özümə və sənətimə cavabdehəm.  Burada günahkar televiziyadır.  Bəlkə, birinin əqli çatışmazlığı, təxribat xarakterli fikirləri var. Hər kəsi efirə buraxmaq olmaz İnsanlar aparıcılara, televiziyalara inanır. Əgər siz hansısa istedadı və ya tərbiyəsizi təqdim edirsinizsə, tamaşaçı onu qəbul edir. O şəxslər pulun hesabına efirə çıxırlar. İnsanlar qızıl vaxtını niyə hansısa tərbiyəsizin danışığına, ifasına  baxmaqla keçirməlidir? Aparıcılar var, ata-anası, nənə-babası yaşında olan insana “sən” deyərək, müraciət edir, bu adı etiket qaydalarıdır, əməl etmək lazımdır. 

- Gənc müğənnilərdən kimləri bəyənirsiniz? Kimləri dinləyirsiniz?

- Nurlan Növrəsli,  Günay İbrahimli, “Aypara” qrupunu   dinləyirəm. Yeni çıxan müğənnilərin zövqü məni narahat edir. Sırf ərəb və türksayağı  musiqilərə müraciət edirlər. Öz musiqimizi ifa edə bilmədən başqa ölkələrin musiqisini ifa etmək olmaz.

- Tez-tez sosial şəbəkələrdə övladlarınızın fotosunu paylaşırsınız. Onlara nələri qadağa etmisiniz?

- Böyüyürlər, balaca qızımın 1 yaşı oldu, böyüyün 9 yaşı var. Dərslərinə fikir verirəm, axır vaxtlar  qızım tənbəlləşib.  Qızıma komputerlə oynamağı, televizora baxmağı qadağan etmişəm. Deyirəm ki, get ədəbiyyat oxu, rəsm çək, faydalı işlərlə  məşğul ol.

- Övladınızın gələcəkdə tanınmış biri olmasını istəyərdiniz?

- Övladlarımda hər hansı istedad görmürəm. İnşallah böyük istedadları olar, qarşılarında nəinki mən, heç kim dayana bilməz. Yalnız övladlarımın təkmilləşməsinə kömək edərəm. 

- Şəxsi həyatınızı  gizli saxlayan, müzakirələrdən uzaq tutan ifaçılardansınız.

- Şəxsi həyat mənim özümə məxsusdur. Tanınmış simayam və həyatımın başqalarına maraqlı olması normaldır. Başqalarına da müəmmalı qaldı ki, həyatımda niyə nələrsə baş verdi. Lakin bu cür söhbətlərin içərisində yer almaq istəmirəm. Hər şey qismətdir. Övladlarımla birgə yaşayıram, onları layiqli böyütməyə çalışıram. 

Könül