“Heç vaxt YAP üzvü olmamışam...”

hec-vaxt-yap-uzvu-olmamisam
Oxunma sayı: 4656

Gənc yazar Aysel Əlizadə YAP-ın 8 saylı Binəqədi birinci seçki dairəsindən irəli sürdüyü namizədin o olmadığını qeyd edib. "Qafqazinfo" xəbər verir ki, o, musavat.com-a açıqlamasında bildirib ki, eyni ad soyadda olan başqa bir xanımdır:

"Bu situasiyanı YAP-ın dolayısıyla qələbəmi dəstəklədiyi və etirafı kimi dəyərləndirirəm. Seçicilərimi çaşdıra bilərmi, səsimi dağıda bilərmi "yalançı" Aysel Əlizadə? Buna inanmıram. Xalq bizim özümüzdən də yaxşı bilir hər şeyi.

YAP bizimlə zarafat edir. Keyfi kökdü görünür. Şən əhvaldadı. Çox yaxşı. Seçkiyə gərək sevinə-sevinə gedəsən. Biz də elə gedirik. Mutlu və umutluyuz. Ancaq hakimiyyətin əsas namizədi bu xanım olduğuna inanmıram. Kim olduğunu da bilərik yəqin tezliklə".

A.Əlizadə qeyd edib ki, onun namizədliyini verdiyi dairədən YAP-ın eyni ad-soyadlı namizəd irəli sürməsi həqiqətən xeyli suallar yaradıb: "Mən o Aysel deyiləm. Məni cəmiyyət yaxşı tanıyır. Bilənlər bilir ki, mən heç vaxt YAP üzvü olmamışam. Ümumiyyətlə partiya mənsubiyyətim yoxdur. Ona görə də bir daha elan edirəm, YAP-ın suyahısındakı Aysel tamam başqa adamdır. Mən Əlizadə Aysel Alim qızıyam. Onunsa atasının adı tamam başqadır".

Xatırladaq ki, eyni seçki dairəsindən oxşar ad-soyadlı namizədlərin irəli sürülməsi Azərbaycanda ilk hadisə deyil. 2005-ci ilin parlament seçkilərində Yasamaldakı seçki dairələrinin birində üç-dörd Eldar Namazov ad-soyadlı namizəd vardı. O vaxt deyilirdi ki, hakimiyyət bunu "YeS" blokunun namizədi, sabiq prezident köməkçisi Eldar Namazova qarşı bilərəkdən edib.