“Həci başqadu”

heci-basqadu
Oxunma sayı: 4144


İnkişaf etmiş cəmiyyətlərdə insanların maraq dairəsi elitar qatı əhatə edir. Qafası zəhərlənməmiş, sağlam düşüncəli insan nədən zövq ala bilər? Gözəl bir musiqidən, rəsm əsərindən, insanı düşünməyə səsləyən kitablardan, filmlərdən, teatr tamaşalarından, ruhunu silkələyən bir şeirdən.

Bizim toplumun banal zövqü hər dəfə məni xəyal qırıqlığına uğradır. Biz Üzeyir Hacıbəyli zirvəsindən Üzeyir Mehdizadə uçurumuna yuvarlanmışıq. Bu uçurumun dibi görünmür. Məhz buna görə hələ də dünya mədəniyyətinin bir parçasına çevrilə bilmirik. Biz Nadir Qafarzadənin “Maral”ına vurulmuşuq. Niyə də vurulmayaq? Əbdürrəhim bəyin “marallar”ının törəmələri deyilikmi?! Bu, genetik vurğunluqdur, atam. Rəhmətlik yazırdı ki, “mənim marallarımın hesabı üç yüz milyona çatıb... hər yer mənim marallarımla doludur. Hər biri bir can marallarım, hacı marallarım, kərbəlayi marallarım, məşədi marallarım, molla, rövzəxan, bəy-xan marallarım. Keçəl marallarım, qotur, bitli marallarım”.

Bu “marallar” heç vaxt bir kitab üzü açmazlar, şairini, yazıçısını acından öldürüb manısının başından pulu yağış kimi yağdırarlar. Sənətin meyarı soyuducunun tutumu ilə ölçülən bir toplumun nümayəndələriyik biz. Soyuducusu boşdursa, demək, o sənətkarın sənəti bir qara qəpiyə dəyməz! Bu banallıq artıq kabus kimi gəncliyin üzərinə çöküb. Biz gəncliyi çox pis və zərərli nümunələrlə üz-üzə qoymuşuq. Əgər bizim gələcəyimizi bu gənclik müəyyən edəcəksə, vay bizim halımıza!

Efiri işğal etmiş bayağı seriallar, düşük şoular insanımızın beynini zorlamaqdadır, mədəni dəyərlərin devolvasiyası “bozbaşnik”lərin göbələk kimi artması üçün münbit şərait yaradır. Hərdən düşünürəm ki, yəqin Tanrı bizi hansısa günahımıza görə lənətləyib. İnsanın yaradıcı ruhu sanki axtalanıb. İnsan bu qədər bayağılığa enə bilməz, insan bu qədər kiçilə bilməz. Neçə gündü sosial şəbəkələrdə “Həci başqadu” roliki fırlanır, təsəvvür edin, bu əttökən, ürək bulandıran parodiya (əgər buna parodiya demək olarsa) insanları necə əyləndirir, onlar mənasızlığın dibi görünməyən bu imitasiyadan necə də feyz alırlar! Adamlar özlərini büsbütün buraxıblar. İnsanları bu hala salan mütaliəsizlikdir, bu adamların içi boşdur, onların zövq məkanında “mey-məzə”dən başqa heç bir şey yoxdur. Meyxana ilə “zakuska” edən qədeşlərin kütləvi savadsızlığı yoluxucu xəstəlik kimi gənclərin də beynini sıradan çıxarır, bu şikəst beyinlər hırıldamaqla gülməyin fərqini anlamayacaqlar. Təbəssüm onların üzündə deformasiyaya uğrayacaq.

Sveyq yazırdı ki, düşüncədən məhrum insanların psixoloji cəsədi yarılsa, ilk olaraq ortaya çıxan mənzərə heç bir əxlaqi orqanın tapılmaması olacaq. “Həci başqadu” deməklə adam hansı mesajı verir? Bu göydəndüşmə parodiyanın heç bir dayaq nöqtəsi yoxdur, eləcə boşluqdan asılıb qalıb. Onsuz da bir qism adamlar Hacı titulunu urvatdan salıb, lotuluq səviyyəsinə endiriblər. Bu qədər ucuzluğa getməyin, Hacıları bihörmət eləməyin. Hələ bu azmış kimi, biri də “Həci başqadu” diringisi qoşub. Kefsiniz e!

Hacıyla belə məzələnməzlər, Yavər!