“Həddindən çox əsəbiyəm” - Samir Abasov

“Həddindən çox əsəbiyəm”
Oxunma sayı: 1422

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

"Qafqazinfo" xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Oyunda ən üzüldüyüm məqam qol buraxmağımız oldu. Rəqibdən iki cür təhlükə gözləyirdik: biri standart vəziyyətlər, digəri bu cür qol. Buraxdığımız qolu 10-15 dəfə futbolçularımıza göstərmişdik. Konkret olaraq, 2-3 nəfərə tapşırılmışdı. Təbii ki, bunun cavabı olacaq. Bilə-bilə səhv etmək, konsentrasiyanı itirmək yolverilməzdir. Həddindən çox əsəbiyəm. “Zirə” çətin rəqibdir, bu mövsüm onları uda bilməmişik. Amma rahat idik. Yaxşı nəticəyə doğru gedirdik. Təəssüflər olsun ki, ani diqqətsizlik məğlubiyyətə səbəb oldu. Çox üzüldüm.

Futbolçulara oyuna sakit başlamaq tapşırığı vermişdi. Öz epizodlarımızı gözləyirdik. Oyunu gücləndirə biləcək futbolçular tam hazır deyildilər. Bu sarıdan əziyyət çəkirdik. Bu cür komandalara qarşı oynamaq çətindir. “Qəbələ” ilə matçda da belə oldu. Bizim Messi və Ronaldumuz yoxdur. Rəşad Sadıqov özü müdafiəçi olduğu üçün komandasına bunu aşılaya bilib. Qol vurmaqda çətinliklərimiz var. Amma belə qol buraxırsansa, axırı belə olacaq.

Oyunun içində reaksiya verirsən, əsəbiləşirsən. Amma bu, o demək deyil ki, heyətin yarısını göndərməlisən. Seçimimiz məhdud çərçivə içindədir. Əlimizdə olan imkanların ən yaxşısından istifadə etdik. İstədiyimiz hücumçular bir masada oturmağa belə şans vermədilər. Ahmed Ahmedov özünü yaxşı tərəfdən göstərdi. Nəzərə alaq ki, hələ ikinci oyunu idi”.