Hədiyyə ala bilməyən kişi

hediyye-ala-bilmeyen-kisi
Oxunma sayı: 2301


Kişilər 8 mart günü üçün xeyli lətifə qoşub. Zarafata çevirib bu günün onlar üçün heç də xoş və əlamətdar olmadığını deyirlər. Ortada bu boyda maddi xərc-hədiyyə söhbəti var. Dediklərinə fikir verməyək. Aldıqları hədiyyəni təqdim edəndə sevinirlər. Qadınları sevindirə bilmək kişilər üçün əlamətdar hadisədir. Kaş ki, ilin bütün günü bütün insanlar sevinməyi, sevindirməyi bacaraydı. İnanın ki, bu, hədiyyəsiz də mümkündü...

Qadınlar öz bayramlarında ən çox sevdikləri kişidən hədiyyə umur. Deməsələr də, umurlar. Kişilər dilxor olmasın. Hədiyyəsiz də keçinmək olar. Ən böyük hədiyyə, qadınlarına verdikləri dəyərdir, dedikləri xoş sözlərdir. Ən böyük hədiyyə elə onların özüdür. Söhbət, yaxşı kişilərdən gedir. YAXŞI KİŞİ həm də öz qadınına hörmət bəsləyən, onun qədrini bilən, xoş sözünü yavan çörəklə dürmək edib ona yedirtməyi bacarandır. Qızıl teştə qan qusduran kişinin aldığı bahalı hədiyyədən kasıb kişinin mülayim rəftarı, xoş siması, halal zəhmətlə aldığı yavan çörək min dəfə qiymətlidi.

Bu günlə əlaqədar unuda bilmədiyim bir hadisə var. Təxminən 13, 14 il bundan əvvəl Əhmədlidə Cavanşir küçəsində yaşayırdıq. Bizdən iki bina aralıda yaşayan imkanlı bir ailə dostumuz vardı. 8 mart günü evin xanımı bizi qonaq çağırdı. Getdik ki, uzanıb yataqda, ağlayır. Gözlərinin sürməsi göz yaşına qarışıb sifətini qapqara eləmişdi. Açdığı süfrədə elə bil bomba partlamışdı. Yer qab-qacaq, şüşə qırıntıları içindəydi. Biz çathaçatda ər, arvadına öz hədiyyəsini bağışlayıbmış. Hədiyyə açılanda məlum olubmuş ki, yanlış ünvana gəlib-kişi, məşuqəsinə aldığı hədiyyəni uşaqlarının anasına bağışlayıb. Arvadı da bu xəyanətə cavab olaraq evin yalan olmasın, altını üstünə çevirib...

Bir-iki dəfə də bu cür hadisə baş verdi və boşandılar... Üç uşaq atasız böyüdü.

Ucqar bir kənddə yaşayan Məlahət isə bu tarixi övladlarının müəlliminə hədiyyə almaq öhdəliyinə görə yadda saxlayır. Heç vaxt əri ona 8 mart günü hədiyyə almayıb. Deyir, əlbəttə, alsa yaxşı olardı, amma ala bilmir, buna görə evinə söz-söhbət salmayacaq, ərinin qəlbinə dəyməyəcək ki?!

***

1857-ci ilin 8 mart günü Nyu-Yorkda tikiş və ayaqqabı fabrikinin qadın işçilərinin haqsızlığa qarşı nümayişə çıxdığı vaxtdan 157 il keçir. 157 il bundan əvvəl bir araya gərib 10 saatlıq iş günü, işıqlı və quru iş yeri, kişilərlə eyni əmək haqqı tələb edən mübariz qadınların adı ilə bağlı növbəti Qadınlar Gününü qarşılayırıq. Kişilər, bu günü tək hədiyyə almaq məcburiyyətində olduqları gün kimi deyil, həm də qadınların mübarizlik günü kimi xatırlamalıdırlar.

Bayramımız mübarək!