Həkim xalatındakı “günah”

hekim-xalatindaki-gunah
Oxunma sayı: 1780


Hər ağzımı açıb həkimlərin ünvanına nə isə irad deyəndə, onların gözündən bir az da düşdüyümü bilirəm. Bu barədə doğru sözü demək, qarğış yiyəsi olmaqdan qat-qat yaxşıdır.

Mənimlə yol yoldaşı olan bir qızın yaşadıqlarını Allah heç nifrət etdiyinin də başına gətirməsin. Afət 20 yaşlarında olan özünə görə qəşəng qızdı. Qoy deyim qəşəng qız idi. Onun əvvəlki şəkillərinə baxanda içini çəkməsi bu qızın hansı dərd dənizində olduğundan xəbər verir. Üzünün sol çənə hissəsində eybəcər tikişləri var. Üzünə tökdüyü saçların da bir günahı yoxdur, nə etsə də, həmin eyibi gizlədə bilmir. Bu qız bir neçə aydır ki, gülmür. Həkim sözünə qıcıq olur. Onu bu günə salan da həkimdir, sevdiyi oğlanla nişanını pozan da. Çox istədim, onunla bir az sənədli şəkildə söhbət edəm. Ən azı iki-üç ay əvvəl baş vermiş ailə faciəsinin(qız bu hala düşdükdən sonra nişanını qaytarıblar) səbəbkarını hamının tanıması şərtdir. Başqa qurbanların əziyyət çəkməməsi üçün. Nə isə.

Afət bir gün dişinin ağrısından həkimə gedir. Həkim dişinin mütləq çıxarılmasını təkid edir. İynədən vurur, Afətin dişini çıxarır. Necə olursa, Afət bir neçə gün ağrıdan yata bilmir. Yenidən həkimə gedir. Həkim ikinci dəfə keyidici iynə vurub, kiçik əməliyyat etmək istəyir. Qızın dediyinə görə, bir saat ərzində həkim onun çənəsində nə isə axtarır, tapmır. Nəhayət, uğursuz işin axırında qızın üz dərisi bir neçə yerdən zədələnir. Amma o dili bağlanmış kimi səsini çıxarmır. Afət üzü sarıqlı evə gəlir. Nişanlı qız güzgülərin üstünü örtür. Hamı təsəlli versə də, Afət üzündəki ağrının hələ də kəsmədiyini deyir. Yenidən həkimlə əlaqə saxlayıb yanına gedirlər. Həkim “narahat olma keçib gedəcək, keçən dəfə xalatımı yaman günə qoymusan” deyir. Gənc qız heyrətlə həkimə baxır. Özünün də dediyi kimi, “məni bu günə qoyan insan hələ xalatındakı qan ləkəsindən danışır, xalat davası edir”. Afət əl dəsmalı ilə gizlətdiyi üzünü həkimə göstərir, hələ də ağrının kəsmədiyini bildirir. Həkimi gülümsəyərək “qorxma ay qız evdə qalmarsan”, deyir. Bəli, Afət indi evindədir. Çünki üzündə meydana gəlmiş çapıq, şiş izlərindən nişanlısından ayrılıb. Altı ildir sevdiyi, bir ildir nişanlı qaldığı oğlanın ailəsi qızın bu halından narahat olublar. Sonunda ayırmaq qərarına gəliblər. Nİşanlısını yerə-göyə sığdırmayan qız hələ də ayrılıq səbəbkarı kimi onu görmür. “Onun anası etdi, yoxsa biz heç vaxt ayrlmazdıq. Arada hal-əhvalımı soruşur, sağ olsun”. Hələ də sağ olsun, deyir. Bu oğlana “sağ olsun” düşürmü? Nişanlısının pis günündə, ən çox dəstəyə ehtiyacı olan vaxt onu tərk etmək kişilikdəndirmi, ay camaat? Afət başına gələnlərdə ən çox həkimi təqsirli bilir.

Heç bilirsiz, Afətin səngiməyən ağrılarının səbəbi nə imiş? Dayısının məsləhəti ilə İrana gedən Afətin ağrılarının səbəbinin üzdə yox, başda olduğunu deyiblər. Belə ki, qızın üz siniri zədələnəndiyindən ağrı onu narahat edirmiş. Yazıq qız müalicə aldıqdan sonra yaxşılaşır, amma sifətində meydana gəlmiş eybəcərlik düzəlmir. İran həkimləri üz əməliyyatı təklif ediblər. Afət hələ də birinci həkimdən aldığı zərbənin ağrılarını yaşayır. Evdən güzgüləri yığışdırıblar. Gənc qız yaz fəslini sevsə də, qışın qurtarmasını istəmir. Çünki hər çölə çıxanda qalın şərflə üzünü gizlədə bilir. Ona təəccüblə əyilib baxan adama deyəcəyi yoxdur. Həyatını heç edən həkimin hüzuruna gedib, həkim də, “gedin hara istəyirsiz şikayət edin” deyib.

Sahibsiz səhiyyənin növbəti qurbanı kimdir?