Həkim zibilyığan işləməyilə fəxr etməməlidi...

hekim-zibilyigan-islemeyile-fexr-etmemelidi
Oxunma sayı: 2687

Seymur Verdizadə

Çox güman ki, əvvəllər də bu barədə yazmışam. İndi haqq dünyasında olan yazıçılardan biri 10-12 il əvvəl belə demişdi: “Sovet dövründə yaşamaq indikindən qat-qat asan idi. Əvvəl pioner olurduq, sonra komsomol. Partiyaya keçəndən sonra isə qarşımızda “yaşıl işıq” yanırdı. Dövlət təhsil verdiyi heç bir gənci işsiz qoymurdu. O vaxt problem indiki qədər çox deyildi. Problemimiz olanda da bizim əvəzimizə dövlət düşünürdü”.

O vaxt həyat təcrübəm indikindən az olsa da, həmin yazıçının düz danışdığını bilirdim. Onu da bilirdim ki, sovet dövrünə xas olan bu düşüncə tərzi minlərlə adamı bədbəxt edib. Təəssüf ki, SSRİ dağılandan sonra orta və yaşlı nəsli təmsil edən insanların çoxu yeni dövrün tələblərilə ayaqlaşa bilmədi.

Azərbaycan müstəqilliyinin 25 ilini arxada qoysa da, bəzi adamlar hələ də üzləşdikləri ən bəsit problemlərin həllini dövlətdən gözləyirlər. Hansı ki, dövlətin vəzifəsi ilk növbədə yaşlı, əlil və uşaqların qeydinə qalmaqdır. Ali təhsili, iki əli, iki ayağı olan, qarşıdakı maneəni yüz metrlikdən görən adamın yerinə niyə dövlət fikirləşməlidir? Bəs, orta məktəb və universitet illərində qazandığı bilik nə vaxt insanın köməyinə çatacaq? Axı, iş qabiliyyətinə malik olan adamların hamısını dövlət qurumlarında işlə təmin etmək mümkün deyil. Yəqin bilirsiniz, inkişaf etmiş ölkələrdə əsasən əlsiz-ayaqsız adamlar dövlət qurumlarında işləməyə can atırlar. Savadı, dünyagörüşü, bacarığı olan adamlar öz işlərini qurub, dövlət məmurundan yüz dəfə yaxşı yaşayırlar. Bizim ölkəmizdə insanlar həm də ona görə kasıb yaşayırlar ki, çox adam fərdi təşəbbüslə çıxış etməyə həvəs göstərmir.

Bilirəm, bu mövzuda danışmaq da, yazmaq da bəzi adamları qıcıqlandırır. Amma elə problemlər var ki, onlar haqda açıq danışmaq lazımdır. İki gün öncə bir taksi sürücüsü mənə ixtisasca həkim olduğunu dedi. Niyə öz ixtisasına uyğun işləmədiyini soruşanda, cavabı belə oldu: “Adamım yoxdur”.

Mənzil başına çatmağımıza az qaldığı üçün mübahisə etmək istəmirdim. Amma adam məni söhbətə çəkməkdə israrlı idi: “Gündüzlər taksi sürür, axşamlar isə zibil yığıram”.

Deyəsən, sükutu davam elətdirməyim adamı hövsələdən çıxardı. Birdən əllərini sükandan çəkib, sinəsinə döyməyə başladı: “Zibilyığan işləmək ayıb deyil. Əsas odur ki, halal zəhmətimlə dolanıram”.

Əlbəttə, zibilyığan işləmək ayıb deyil. Bunu iddia edən adamın cavabını hamıdan əvvəl mən özüm verərəm. Amma ali təhsilli həkimin zibilyığan işləməyilə fəxr etməsi heç də yaxşı hal deyil. Yaxından tanıdığım həkimlərdən biri işlədiyi poliklinikanın müdiriyyəti ilə yola getmədiyi üçün 6 il əvvəl işdən çıxıb. Elə o vaxtdan da evinin bir otağını kabinetə çevirib. Gündə ən azı 15-20 xəstəsi olur. Çünki savadlı həkimdir, daim öz üzərində işləyir, tibb elmindəki yenilikləri mütəmadi olaraq təqib edir. Can şirindir. Yaxşı həkim yerin dibində də olsa, onu tapacağıq. Necə ki, yaxşı həkimin sorağı ilə İrana, Türkiyəyə, hətta uzaq Avropaya gedib çıxanlar var...

İndi diplom çox az şeyi həll edir. Əsas olan bilik və bacarıqdır. Yaşlı oxuculardan üzr istəyirəm, oğlum ali məktəbə hazırlaşdığı üçün bu il repetitorların fəaliyyəti ilə yaxından maraqlanıram. Yaxşı müəllimlərin çoxu məktəbdən ayrılaraq fərdi qaydada universitetə abituriyent hazırlamaqla məşğuldurlar. Bir coğrafiya müəllimi tanıyıram, nə az, nə çox, düz 80 uşaq hazırlayır. Bilirsiniz, abituriyentlər niyə onun rəhbərliyi altında hazırlaşmağa can atırlar? Ötən il hazırlaşdırdığı 60 abituriyentin 31-i qəbul imtahanında coğrafiyadan 25 sualın 25-nə də düz cavab yazıb. Adamın hansısa dövlət müəssisəsində ayda 250-300 manat maaşa işləməyinə ehtiyac yoxdur. Hazırlaşdırdığı 80 şagirdin hər birindən ayda aldığı 80 manat onun başından girib, ayağından çıxır. Demək istədiyim odur ki, yaxşı mütəxəssisə həmişə ehtiyac var.

İxtisasca maliyyəçi olan bir tanışım isə irili-xırdalı 18 müəssisənin mühasibatlığını aparır. Adam ağlına da gətirmir ki, Samir Şərifov nə vaxtsa ona Maliyyə Nazirliyində iş təklif edə bilər. Əksinə, deyir ki, Samir müəllim arxasınca elçi göndərsə də, ayağını o nazirliyin qapısından içəri basmaz...

Başa düşürəm, dövlət gənc və savadlı kadrları irəli çəkməli, ölkənin idarəçiliyində onların rolunu artırmalıdır. Amma əgər hansısa gənc və savadlı kadrı irəli çəkmirlərsə, həmin adam oturub acından öləcəyi günü gözləməməlidir.