Həkimdən alverçi düzəltməyin!

hekimden-alverci-duzeltmeyin
Oxunma sayı: 1579

Raminə Eyvazqızı

Metro stansiyalarının birinin çıxışında geyim mağazası var. Mağazanı işlədən təcrübəli tibb işçisidir. Ora yolum düşəndə maraqlandım, dedilər bir neçə il əvvəl onu səhiyyə sahəsindən küsdürüblər. Əslində, küşmüş həkimin vəzifəsində qalması daha təhlükəlidir. Kim bilir, bəlkə də fikirdən, hirsindən kimə nə zərəri dəyər. Peşəsini sevən həkimin işləməsə belə, yardıma ehtiyacı olan kiməsə təmənnasız məsləhət verməsinə inanıram. Deyilənə görə, bu kəs də peşə vərdişlərini unutmayıb, dost-tanışının dadına yetir. Mağazaya həm geyim, həm də həkim məsləhəti almağa girirlər. Söhbəti gedən "biznesmen" həkim indi Türkiyə, Dubayın mallarını gətirib tökür mağazasına, alverini edir.

Göydən gələn daş təhsil və səhiyyənin təpəsinə elə düşüb ki, nə daş dəbərir, nə də altda qalanlar. Özəl xəstəxana deyib həmin "öz"ün adını gizlədə-gizlədə camaata pullu xidmətin çeşidlərini təqdim edirlər. Sözüm onda deyil. Amma hamı da özəl xəstəxanaya əli cibində getməyə ürək etmir axı. Ötən gün "Azərbaycan Dəmir Yolları" QSC-nin bölgələrdə olan 10 xəstəxana və tibb məntəqəsi (hər birində ən azı 60 ştat) bağlanıb. Kürdəmir, Ucar, Lənkəran, Salyan kimi rayonlarda xəstəxana ləğv etmək Maliyyə Nazirliyinin bir gözüyaşlı məktubu ilə olub. Səbəbsə, bağlanan tibb ocaqlarınn özünü təmin edə bilməməsidir.

Həyat şəraitini birtəhər quran rayon camaatının tibb obyektlərini öhdəliyinə götürüb saxlaması kimi maraqlı qaydalar varmış, bilməmişik. Bağlanan tibb ocaqları içində gigiyena, epidemiologiya profilli məntəqələr də var. Belə vacib obyektlərin ləğvi maraq doğurur. Ən ağrılı məqam isə bu deyil. Ləğv edilən səhiyyə ocaqlarını bağlamaq, təqribən 600 (orda başqa qeyri-tibb işçiləri də var) tibb işçisini, insanı küçəyə atmaqdır. Elə bu sayda ailəni böyrüüstə qoymaqdır. Yaxşı həkimləri dağlamaqdır. Şəhərdən rayona pənah aparmış bir qrup ümidli kadrı üzüqara geri qaytarmaqdır. Nəticədə bu insanların həyat tərzini, ailə nizamını darmadağın etməkdir. Ağzıgöyçəklər deyəcək ki, vəziyyəti bu boyda şişirtməzlər. Amma səhiyyə ocaqlarının taleyini bir oturumda həll etməzlər. Görünür, Maliyyə Nazirliyi Səhiyyə Nazirliyinin şirin çayını verməmiş məsələni axşamüstü həll edib. İnsanların taleyini, ən azı onların başqa yerdə işlə təminatını düşünməmək eqoizmdir. Camaat artıq gecə, axşamdan qorxar olub. Bütün ağlabatmayan yeniliklər yekə kişilərin şam yeməyindən sonra baş verir. Və o şam yeməyində nə varsa...

Ötən ilin noyabrında da Səhiyyə Nazirliyinin göstərişi ilə bölgələrdən paytaxta təcili yardımla xəstə gətirilməsi qadağan olundu. Şəhər xəstəxanası rayon xəstəxanasından pasiyent qəbul etmirsə, onda ləğv edilən xəstəxanaların yerində bir pir tiksinlər. Bir yeri ağrayan gəlib orda yatsın, şəfasını tapsın.

Azarımız həkimləri ticarətçi edəndə başladı. Uzatmadan konkret misal deyəcəm. Bir müddət əvvəl Respublika Neyrocərrahiyyə xəstəxanasına getmişdim. Həkim aparatla diaqnoz (MRT-80 manat və EEQ-30 manat) pulunu nəgd verməyəni müayinə otağına buraxmırdı. Birinin "pulunu sonra ödəyərəm" vədinə məhəl qoymadılar. Ailə rayondan gəlmişdi. "Bilmirsən ki, həkimə gəlirsən" tənəsi ilə xəstənin müayinəsini etmədilər. Elə bir tamaşaya baxırdım ki, heç bir hiss keçirmirdim. Nə deyim, vəziyyət belədir. Həkimi ki pul saymağa, yığmağa köklədilər, onun peşəsinə artıq xələl gəlmiş olur. İndi dövlət xəstəxanalarının adının yanında təsərrüfat hesablı yazınca, "onunku" yazsınlar. Biz də işimizi bilək. "Dövlət xəstəxanası" nağılını bitirək!