Toy şənliyinə gedəndə çalışıram ki, üzü divara baxan yerdə əyləşim. Səbəbimə bax da. Xeyir işin başında məclisə gələn kostyumlu, qalstuklu kişilərin toy qurtaranda vəziyyətini görməmək üçün. Girişdə mədəni şəkildə hamı ilə salamlaşan çox kişinin son mənzərəsi acınacaqlı, rüsvayçı olur. Harda qaldı, bayaqkı həya, qanacaq, “ütülənmiş” qabiliyyət? Yekunda çoxunun rəngi qızarmış, gözü bərəlmiş, öpməyə, qucaqlamağa adam axtaran vəziyyəti... Beləsinə tanımadığın halda nifrət bəsləməyə başlayırsan. Özünü cəmiyyətin ixtiyarına buraxacaqsansa, rəzil edəcəksənsə, içmə də bu zəhrimarı. İçkisiz məclisdə oturmağı eyib bilən kişilər araq tapan kimi özlərini belə “xoşbəxt” edirlər. Bizi isə qınaqçı.
Biri deyir, az içməklə heç nə olmaz, heç içməsən kişilikdən deyil. İçdinsə, özünü itirdinsə, bu da kişilikdən deyil. Elə iç ki, kefin yaxşı olsun, pis nə isə fikirləşməyə imkanın olmasın, ətrafdakının da qınağını qazanmayasan. Bunu necə edə bilərlər? Axı içəndən sonra özlərini görə bilmirlər?
Bir yaxşı həkim-cərrah tanış var. Özü də bu vaxta qədər bir xəstəsini incitməyib. Amma içənindəndir. Səbəbini deyəsən özü də bilmir. Deyilənə görə, əməliyyata içkili halda girəndə başı, əli yaxşı işləyir. Bəlkə, bu da cərrahın “dərman”ıdı. Əməliyyat asan iş deyil, həkim hər cərahi müdaxilədə ömrünün bir hissəsini itirir. Bu fikirlə “vuran” həkimlərə, əsla haqq qazandırmıram. Həyəcan, gərginlik, məsuliyyət hissinin həkimlərdə qəhət olan bir vaxtında dediyim həkim bu hissləri yaşayır. Görəsən, niyə çox həkim həm yaxşı içən, həm də şairruhlu olur? Şairləşəndə, nə isə yazmaq vərdişi olan adamın içməsi şərtdirmi? Hər içən də şair, yaradıcı ola bilərmi? Ya yazmağa, söz qoşmağa bəlkə araq təkan verir, bilmirik? İçində püskürdə bilmədiyi dərd vulkanını araqmı, ya hansısa icki məclisimi qaynadır, çölə çıxarır?
Dərdi açılır, yüngülləşir. Bunu mən demirəm. “Vurmağı” vərdiş edən içki əhli deyir.
Bu aralar istedadlı gənc Aqşin Yeniseyin vəziyyətiylə bağlı hər xəbər oxuyanda təəssüfümü saxlaya bilmirəm. Çoxu kimi “bu gənc özünü niyə bu hala gətirib çıxarıb” sualı ilə cavabsız qalıram. Tezliklə şəfasını arzuladığımız Aqşinin vəziyyəti gəncliyə yaxşı dərs də ola bilər. Kaş ki, çox əvvəl indiki kimi “bir qurtum da içməyəcəyəm” vədini verib, əməli ilə göstərsəydi.
Bir başqa adını vermək istəmədiyim tanınmış yazarın statusları gözə dəyir: “Sıpa kimi içdik”, “Vətənin içkiləri geydirmə olmasaydı...”Hər torpağını itirmiş beləcə içə-içə dərdini unudacaqsa, elə axıra kimi “vay torpağımız”, “vay Qarabağımız” deyəcəyikmi? Erməni də torpağımızda sad-xürrəm keflənəcək, arada da atdığı güllə ilə gənclərimizi yerindəcə şəhid edəcək.
Bu gün bayramdır, həm də iki əsgəri şəhid vermişik. Heç xeyir-şər günü də deyil. Xeyiri olan da içir, şəri olan da. Bizə düşmən qanı içmək lazımdı. Yalnız bu hamımızı kefləndirə bilər.
P.S. Bir də bir suala cavab axtarıram. Bu gün Respublika Günüdü, tv-lər ekrana müstəqil cümhuriyyət qurucusu M.Ə.Rəsulzadənin şəkli əvəzinə böyük şəxsiyyət Heydər Əliyevin şəklini vurublar. Axı prezidentimiz M.Ə. Rəsulzadənin xidmətini danmadığını sübut edən sərəncam vermişdi. TV-lərə nə oldu??? Şəhid xəbəri hara, bayram konserti hara?
İçənlər bunu da bəhanə edib, “vurmasınlar” ha.
Son xəbərlər
Son Xəbərlər