“Həkimlər sayəsində boğulmanın öhdəsindən gələ bildim” - Video

“Həkimlər sayəsində boğulmanın öhdəsindən gələ bildim”
Oxunma sayı: 3458

Xəzər TV “Yeni klinika”da koronavirusdan sağalmış xəstələrdən reportaj yayımlayıb. 

“Qafqazinfo” xəbər verir ki, təkcə bu klinikada 1 gün ərzində 20-yə yaxın xəstənin müalicəsi başa çatıb. Günlərdir virusla mübarizə aparan xəstələr evə buraxılıb.

Koronavirusa yoluxanlardan bəziləri xəstəliyi gec aşkarladıqlarını bildiriblər. Xəstələrdən biri bir müddət ev şəraitində müalicə olunduğunu, daha sonra onda halsızlıq yarandığını bildirib: “KT müayinəsi göstərdi ki, artıq 60-70 faizlik pnevmoniya var. Məndə kəskin halsızlıq, hərarət də var idi. “Yeni klinika” xəstəxanasına yerləşdirildim”. 

Sağalan şəxslər xəstəliyin çox ağır keçdiyini, bu səbəbdən də tövsiyələrə əməl etməyin vacib olduğunu vurğulayıblar: “Nəfəs darlığı, iki dəfə boğulma oldu. Sağ olsunlar, həkimlərin yerində və vaxtında müdaxiləsi nəticəsində mən bu boğulmanın öhdəsindən gələ bildim. Artıq bu gün sağalmışam. İnsanlar bu virusa inansınlar. Qoyulmuş qadağalara riayət etsinlər”.

Digər xəstə isə vurğulayıb ki, özü yoluxsa da, hamıya maska taxmağı və məsafə gözləməyi tövsiyə edir: “14 gün evdə qalmalıyam. Daha sonra həkimlər nə məsləhət etsə elə də olacaq”.

Həkim infeksionist Firdovsi Məmmədov isə qeyd edib ki, sağalan xəstələrin müayinəsi bundan sonra da davam edəcək: “Yenidən virusa yoluxmaması üçün həkimlər həmin şəxslərə öz tövsiyələrini verirlər. Bu xəstələr evdə təcrid olunurlar. 14 gün ərzində bayıra çıxmamaq barədə iltizama qol çəkirlər. Xəstələrə öz haqları bildirilir. Biz evə xüsusi müalicə yazmırıq. Burada müalicələr olunduqdan sonra xəstə evə buraxılır. Son həftələrdə xəstəxanaya gələn şəxslər əvvəlkilərə nisbətən daha ağır olur. Xəstəxana demək olar ki, daim doludur. Mütəmadi olaraq boş yer olur. Xəstəni çıxarırlar, yerinə yeni xəstələrimiz qəbul olunur. Əvvəl gələn xəstələrə nisbətən indi burada yatma müddəti uzanıb. Gələnlər xəstəliyi daha ağır keçirirlər. Əvvəl gələn xəstələr bir həftəyə sağala bilirdisə, indi xəstələrdə bu müddət 1-2 gün uzanır".


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi