“Həkimlərin insanlara qarşı davranışını dəyişərdim” - 700 bal toplayan Nemət

hekimlerin-insanlara-qarsi-davranisini-deyiserdim
Oxunma sayı: 1970

Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında 7 abituriyent 700 bal toplayıb.  Rekorda imza atan abituriyentlərdən biri də 287 nömrəli “Zəkalar” liseyinin 11-ci sinif şagirdi Nemət Yusifovdur.

“Qafqazinfo” xəbər verir ki, Nemət Yusifov “Virtualaz.org”un suallarını cavablandırıb:

- İmtahana necə hazırlaşırdınız?
- Xüsusi sistemim yox idi. Vaxtımdan səmərəli istifadə edərək hazırlaşırdım.

- Bəs əslində neçə bal gözləyirdiniz? 700 bal toplayacağınıza inanırdınızmı?
- Təbii ki, yüksək nəticə əldə edəcəyimə inanırdım, lakin 700 haqqında heç düşünməmişdim.

- May ayının sonunda keçiriləcək sınağa, yəqin ki, bilet almısınız. İştirak etməyi düşünürsünüz?
- Məncə, sınaqlara bu baldan sonra ehtiyac yoxdur.

- Bəs iyul ayında keçiriləcək ikinci imtahana gedəcəksiniz?
- İnsanda şans bir dəfə olur, nəticəmi korlamamaq üçün getməyəcəyəm.

- Sizcə, qəbul imtahanına hazırlaşmaq üçün yalnız məktəbdə qazanılan biliklər kifayət edir?
- Mümkünsüz heç nə yoxdur, amma repetitorsuz çox çətin olardı.

- Hansı ixtisasa yiyələnmək istəyirsiniz və nə üçün?
- Həkimlik, çünki bu işi bacaracağıma inanıram.

- Gələcəyin həkimi kimi, ölkənin səhiyyə sistemində hansı dəyişikliyi etmək istərdiniz?
- Yəqin ki, həkimlərin insanlara yanaşma tərzini dəyişərdim.