Bəstəkar- müğənni Murad Arifin “Mp3” portallarının bağlanması, həmçinin piratçılıq barədə yazdığı status müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, sənətçinin sözügedən postu tənqidlərə məruz qalıb. O, həmin çağırışa yazılan rəyləri paylaşaraq sosial şəbəkə istifadəçilərinə cavab verib:
“Dünən mp3 piratçılıq haqqında çağırış etdim. Əhalidən gələn reaksiyalara əsasən çıxartdığım nəticələr:
1. İnsanlar kütləvi şəkildə digitaldan xəbərsizdir. Rəqəmsal platformanın nə olduğunu, necə rahat olduğunu, hər hansı fləşkard ya diskdə musiqi saxlamağın mənasız olduğunu insanlar bilmir. İşlətməyiblər. Heç zaman.
2. Mən deyəndə ki, limitsiz dünya musiqisini dinləməyə ayda cəmi 4 manat ödəyirsən, hələ də 4 manatını sırf mənə ödədiyini düşünənlər var.
3. Bizdə insanlar hələ də anlamır ki, ölkədə “Spotify” olmasa da, digər rəqəmsal platformalar işləyir. 50-dən çox platforma varkən, (haradansa eşidib) “Spotify”ın olmamasını səbəb gətirəcək dərəcədə boşboğazıq.
4. “Biz Xperti (repçi - red.) iTunesdan dinləyirik, sən də elə oxu, səni də dinləyək” tipli beyinsiz təfəkkürdə olan adamlar var. Mənim qaldırdığım məsələ elə repçilər üçün daha önəmlidir. Çünki popçular zatən bir şou proqram tapıb dolanacaq. Amma piratlar alternativ musiqiçilərin cibinə daha çox girir. Əgər Xpert, Paster sırf digitaldan dolanırsa, piratçılıq dayansa, o qardaşlar da daha çox qazanacaq. Başa düşürsünüz?
5. İnsanların maddi durumunu misal gətirib “Heç kəs musiqiyə pul verməz” deyənlər... 90-ları xatırlayaq. Mp3 olmayanda sevdiyimiz qrup, artist üçün 3 manat verib hamı pirat kasset alırdı. Mp3 piratçılıq cəzalandırılsa, hər təbəqə, musiqiyə pul ödəyər. Ən azı sevdiyiniz musiqi üçün o 4 manat heç kəsin gözünə görünməyəcək. 90-lardakı kimi. Amma bir fərqlə, 1 pirat kassetə 3 manat yox, limitsiz musiqiyə 4 manat ödəməklə...
6. Dondurmaya, saqqıza, “simişka”ya pul verib, “musiqiyə pul vermirəm” deyən qism, sənətə və sənətkara verdiyiniz dəyər bu qədərdir? Dükandan heç nəyi havayı almırsan, amma mahnı havayı olsun? Hələ bundan sonra “bizim ölkədə musiqi niyə belə geridəqalmışdı?”,- demək hünəriniz var?
7. “Toylar yoxdur, qəpik-quruşa qalmısınız”. Pardon! Bu düşüncə səviyyəsizliyin hansı levelidir? Mənim 1 mahnım “Youtube”da 28 milyon dinlənilib. Onun heç olmazsa, ən azı 1 milyonu digitaldan da dinləyər. Vurub çıxanda qəpik-quruş etmir.
8. Siz şikayət etmirsiniz ki, musiqimiz toylaşır?! Mən də deyirəm ki, musiqi yalnız toyda satılmasa, toylaşmayacaq. Mahnı, albom digitaldan satılanda musiqinin formatı da dəyişir. Mən sənətçi olaraq toydan asılı olmayacağamsa, bunun mənim və qeyrisinin yaradıcılığına da təsiri olur. İntellektual və keyfiyyətli musiqi çoxalacaq. Toyxana üçün yox, qulaqlıq üçün oxuyan cavanlar artacaq.
9. “Sistem qəlizdir e... Mp3 saytlar hamıya rahatdır axı”- daha bir səhv düşüncə. Bizim qoca nənə-babalarımız pensiya kartından istifadəni, bankomatları öyrənməyə məcbur qalmışkən, gənclər və orta yaşlılar rəqəmsal platforma yükləyib, axtarışda Tarkan yazıb “albomu səbətə köçür" düyməsini vurmağı bacarmayacaq? Absurd bəhanə...
10. “Mən bizimkiləri dinləmirəm” deyənlər dinləmir?! Сəhənnəmə! Qulaq asırsansa, qaydalara uyğun et.
11. Niyə mp3 piratçılıq cəzalandırılmalıdır?! Çünki, bu, cibgirlikdir.
Hesablayın:
Bir mahnının qiyməti: 5-10.000 AZN
Aranjiman: 1500-2000 AZN
Klip: 6-15.000 AZN
“Raskrutka”: 2-5.000 AZN.
Bir adi mahnı ən azı 10.000, yaxşı iş 20-30.000 AZN-ə ərsəyə gəlir. Hər müğənni də toylarda qaz vurub qazan doldurmursa, o mahnını pulsuz dağıtmaq cinayət deyilmi?
12. Deyirsiniz ki, Mp3 yüklənməsi sivil ölkələrdə də var. Hə, var. Amma sivil ölkələr pirat disk satışını çoxdan yığışdırdı deyə, əhali musiqiyə pul vermək ənənəsini itirmədi. Bizdə disk, kasset piratlığı həll olunmadı. Sonra da Mp3 saytlar yarandı. Ona görə də bu mədəniyyəti qanunla, cəzası ilə işlətməliyik.
Yəni, qadağalar və cərimələr tək çıxış yoludur. Bütün sivil cəmiyyətlər belə qurulub...
Cəmiyyətimizdə görüləcək çox iş var. Amma maarifləndirməklə düzələcək”.