“Hələ istifadə olunmamış vergi potensialımız var” - Nazir müavini

hele-istifade-olunmamis-vergi-potensialimiz-var-
Oxunma sayı: 1348

“Cox ciddi, hələ istifadə olunmamış vergi potensialımız var”.

“Qafqazinfo”nun məlumatına görə, bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində KİV nümayəndələri üçün keçirilən "Açıq qapı " günü çərçivəsində deyib. Onun sözlərinə görə, bu potensialdan istifadə olunsa büdcəyə də xeyli vəsait daxil olar.

Nazir müavini həmçinin bildirib ki, bu il yanvar ayının 1-ə vergi ödəyicilərinin 2,4 mlrd. manat borcu var idisə, bu ilin aprelin 1-ə bu göstərici 1,6 mlrd. manat təşkil edib: “Vergi ödəyicilərinin borcu 30% azalıb. Bu ilin I rübündə Vergilər Nazirliyi dövlət büdcəsinin icrası ilə bağlı proqnoz tapşırığa 101,4% əməl edib. Büdcənin gəlir hissəsinin təmin olunmasında qeyri-neft sektorunun payı yüksəkdir. Bu ilin 3 ayında qeyri-neft sektorundan daxilolmaların payı 78,5% təşkil edib. Yalnız 22,5%-i neft sektorundan daxilolmaların payına düşüb".

S. Ələkbərov vergidən yayınma hallarından da söz açıb. Bildirib ki, ən cox yayınma halları xidmət, tikinti və ticarət sahələrində baş verir: “İri vergi ödəyiciləri arasında ən çox borcu olanlardan “Azərenerji” ASC-nin demək olar ki, borcu qalmayıb. Cox cüzi məbləğdə borcları var. Hal-hazırda ən cox vergi borcu olan qurum “Azərsu” ASC-dir”.

Nigar Məmmədli