Bu gün 17.00 radələrindən etibarən Siyəzən rayonunun Kiçik Həmyə kəndi ərazisindəki meşə massivində böyük yanğın başlayıb.
“Qafqazinfo” “ans press”ə istinadən xəbər verir ki, bu haqda informasiyanı Siyəzən Fövqəladə Hallar Komissiyasının sədri, Siyəzən RİH başçısının müavini Zəfər Əliyev yayıb.
Onun sözlərinə görə, yanğını söndürmək üçün FHN-in Siyəzən rayon dövlət yanğından mühafizə xidmətindən, Sumqayıtdan və qonşu Şabran və Xaçmaz rayonlarının hər birindən 2 yanğınsöndürən maşın əraziyə cəlb edilib.
Rayon ərazisindəki su maşınları da meşə massivinin söndürülməsi əməliyyatında iştirak edirlər.
FHN-in xəttilə yanğın ocağına helikopterlərin də cəlb ediləcəyi gözlənilir.
Yanğının başlamasına səbəb kimi havaların isti keçməsi göstərilir.
Meşə massivində başlayan yanğının yaşayış evlərinə keçməməsi üçün ərazidə qabaqlayıcı tədbirlər görülür.
***
APA-nın yaydığı xəbərdə isə bildirilir ki, yanğın hazırda da davam edir. Alovun söndürülməsinə Siyəzənlə yanaşı, Şabran, Xaçmaz, Quba və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin bütün şəxsi heyəti, Sumqayıt şəhərindən 2 yanğınsöndürən maşın, paytaxdan isə Fövqəladə Hallar Nazirliyinin 1 yanğınsöndürən helikopteri və 50 nəfər canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər