“Səhər tezdən oyanmışdım, Əliağa Vahidin kitabını vərəqləyirdim. Vətən haqqında bir qəzəl axtarırdım ki, konsertimdə istifadə edim. Bu məqamda televiziyada pilotlarımızın nəşinin gətirilməsini gördüm. İnanın ki, elə bir dünyam qarışdı. Elə o anda konsertimi təxirə salmaq qərarına gəldim”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında əməkdar artist Gülüstan Əliyeva deyib.
Müğənni gələn ay Heydər Əliyev Sarayında planlaşdırdığı konsertinin təxirə salınmasından danışıb:
“Artıq 4 aya yaxındır ki, konsertimə hazırlaşırdım. Heydər Əliyev adına Sarayda ilk konsertim baş tutacaqdı. Özüm həm şəhid bacısı, həm də şəhid həyat yoldaşıyam. Bu ağrılar mənə yaxındır. Vətən ağladığı vaxt gülmək çox çətindir. Hər şey qaydasına düşsün, daha sonra konsert verərəm”.
Əməkdar artisti bildirib ki, konsertin təxirə düşməsi ciddi maliyyə itkisi ilə nəticələnib:
“Sarayın ödənişinin bir qismi həll edilmişdi. Mart ayından etibarən şəhər monitorlarında reklamlarımız getməyə başlamışdı. Bunların hamısı böyük xərclərdir. Bəlli bir məbləğə başqa ölkədən rejissor da dəvət etmişdim. Daha sonra səhnə geyimləri, musiqiçilər üçün başqa geyimlər tikilmişdi. Bunların hamısı puldur. Amma əsas qürurdur, dünyaya baxışdır. Pulu sonra qazanmaq olar. Qürur və qeyrəti itirmək asan, qazanmaq isə çətindir”.
Gülüstan Əliyeva onu da qeyd edib ki, bilet satışı ilə bağlı heç bir problem yaşamayıb:
“Sayca 6-cı konsertim olacaqdı. Çox müğənni konsertində batdığını, pul götürmədiyini deyir. Həmişə konsertlərimdən pul qazanmışam, zəhmətimin bəhrəsini görmüşəm. Bu dəfə də bilet satışı ilə bağlı problem yaşamadım. Dost-tanışların canı sağ olsun. Eşidən, bilən zəng vururdu, 50-100 bilet ayırırdılar. Elə şirkətlər var idi ki, 500 bilet birdən almışdılar”.


Son xəbərlər
Son Xəbərlər