“Həmin çempionatda millimiz tarixində ən böyük nəticəni əldə etmişdi”

hemin-cempionatda-millimiz-tarixinde-en-boyuk-neticeni-elde-etmisdi
Oxunma sayı: 2549

Xəbər verdiyimiz kimi 2025-ci ildə minifutbol üzrə dünya çempionatı Azərbaycanda təşkil olunacaq.

“Qafqazinfo” xəbər verir ki, mundialın təqdimat mərasimi zamanı Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov çıxış edib.

O, ölkəmizdə idmanın bu növünün sevildiyini bildirib:

“Qısa olaraq tarixə və keçdiyimiz yola nəzər salsaq, görərik ki, 17 il öncə minifutbol həvəskarları üçün paytaxtda futbol meydançaları qurmağa başladıq. Xüsusən də sahibkarlar buna maraq göstərir. Artıq 17 il keçib və bu gün ancaq Bakıda 40-a yaxın minifutbol meydançası fəaliyyət göstərir. Həmin stadionlarda 150 mindən çox idmançıya xidmət göstərilir. Bu gün minifutbol tanınmış və sevilən idman növünə çevrilib”.

O.Məmmədov bildirib ki, bu illərdə yol qət edərək, minifutbolu sevdirmək üçün böyük uğurlar əldə edilib:

“Komandalarımız beynəlxalq turnirlərdə də iştirak edir. Ən böyük nailiyyətimiz 2022-ci ildə Avropa çempionu olmağımızdır. Həmin çempionatda millimiz tarixində ən böyük nəticəni əldə etmişdi. Dünya çempionatında da 4-cü yeri tutduq. Bu nəticələr dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və minifutbola dəstək olub”.