“Həmin dövrün reallıqlarının bugünkü uğurlarımızda rolunu daha aydın görürük”

hemin-dovrun-realliqlarinin-bugunku-ugurlarimizda-rolunu-daha-aydin-goruruk
Oxunma sayı: 909

“Dünya təcrübəsi göstərir ki, güclü, ölkəsinin, xalqının gələcəyini düşünən lideri olan dövlətlər yüksək inkişaf yolu keçir, gələcəyə böyük inamla addımlayır, imzalar içində imzası ilə fərqlənir”.

“Qafqazinfo" xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

O bildirib ki, bu reallıq hər zaman önə çəkilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə doğru böyük inamla irəliləyən xalq tarixin sınaqlarından şərəflə çıxır, böyük uğurlara imza atır, yeni prioritetlərin fonunda yüksək zirvələri fəth edir:

“1991-ci il oktyabrın 18-də dövlət müstəqillyini bərpa edən Azərbaycan nəinki yenidən onu itirmək, hətta bir dövlət kimi tarix səhnəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Həmin dövrün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, hakimiyyətin ən yuxarı eşalonunda yüksək məqama sahib olmaq məqsədilə biri-birini didib-parçalamağa hazır olan üzdəniraq “liderciklərin” şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı “olum, ya ölüm” dilemması qarşısında qoymuşdu. Ölkəmizdə  vətəndaş müharibəsi başlanmışdı.

Çıxılmaz vəziyyətdə Azərbaycan xalqı o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik edən özünün sınanmış liderinə, ulu öndər Heydər Əliyevə üz tutdu.

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəlməsi Azərbaycanın gələcək taleyini düşünən hər bir vətənpərvər soydaşımızın qəlbində sönməz ümid çırağı yandırdı.

İyunun 15-də keçirilən Azərbaycan Ali Sovetin fövqəladə sessiyasında fikirlərini açıqlayan Ümummilli Lider əminliklə bildirdi ki, göstərilən səylər, aparılan danışıqlar bu gərginliyi aradan qaldıracaq. Dahi rəhbər dönə-dönə vurğuladı ki, bu gərginlik, qarşıdurma yalnız sülh, barışıq, qarşılıqlı anlaşma, danışıqlar yolu ilə həll olunmalıdır.

Məhz 1993-cü ilin 15 iyun günü çağdaş Azərbaycanın tarixinə əlamətdar hadisə kimi yazıldı. Sessiyada deputatların yekdil səsverməsi ilə ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.

Bu seçim ilə Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu. Həmin gün Azərbaycanın dövlətçilik tarixinə Milli Qurtuluş Günü, əbədiyyət rəmzi kimi yazıldı.

Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdışının  ilk mərhələsində hər bir inkişafın əsasında dayanan sabitliyi təmin etdi, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini önə çəkərək iqtisadiyyatın inkişafında neft amilinə böyük dəyər verdi, bugünümüz üçün möhkəm iqtisadi təməl yaratdı, əsl liderə xas olan səbr, qətiyyət, müdriklik nümayiş etdirərək bütün çətinliklərə qalib gəldi”.

O vurğulayıb ki, həmin dövrdə Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı, himni, gerbi bərpa olundu, dünyanın müxtəlif dövlətlərinə səpələnmiş soydaşlarımızın birliyinə hesablanmış 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təsis edildi:

“Dahi şəxsiyyətin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra diaspor quruculuğu dövlət siyasətinin əsasına çevrildi. Ulu öndər Heydər Əliyev harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birliyə çağırdı”.

Baş redaktorun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının I qurultayında bu məqamı xüsusi qeyd edib ki, o vaxt partiya yaratmaq fikri yox idi:

“Hər zaman xalqına sədaqətlə xidmət etdiyini vurğulayan Ulu Öndər bildirmişdi ki, amma Moskvada yüksək vəzifələrdən kənarlaşdırılandan, istefaya gedəndən sonra ətrafımda cərəyan edən ədalətsizliyi və on illər boyu sədaqətlə xidmət etdiyim hökumətin, partiyanın təzyiqlərini, təqiblərini görərkən yenidən siyasətə qayıtmaq fikrində olmadım.

Təsadüfi deyildir ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ziyalarımızın müraciətinə cavabında da Ümummilli Lider müstəqilliyi tarixi nailiyyətimiz kimi dəyərləndirərək onu təhlükə qarşısında qoymağın mümkünsüzlüyünü xüsusi vurğulamış və bu inamı ifadə etmişdir ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiliyimizin əsasları quruldu. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan Milli Konstitusiyamız Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda atdığı addımlar üçün təkmil mexanizmdir.

Dövrün və zamanın tələblərinə uyğun təkmilləşmə bu ali sənədimizdə də öz əksini tapıb. Belə ki, Konstitusiyanın qəbulundan ötən 26 ildə 3 dəfə sənədə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsi keçirilib.

Bir sözlə, 1993-2003-cü illəri çağdaş tarixinə sabitlik, dirçəliş dövrü kimi yazan Azərbaycan Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində inkişaf edərək qüdrətli dövlətə, dünyada söz sahibinə çevrilib.

2003-cü il oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü elan etdi.

Arxada qalan hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri, təkmilləşməni, yeniləşməni həyata keçirdiyi siyasətin ana xətti kimi qəbul edən dövlətimizin başçısı İlham Əliyev son 17 ildə möhkəm təməl üzərində Azərbaycana həm siyasi-iqtisadi, həm xarici siyasət, həm də ordu quruculuğu sahəsində möhtəşəm uğurlar qazandırdı, ölkəmizi qüdrətli, sözünün imzası qədər dəyəri olan dövlətə çevirdi.

2020-ci ilin əvvəllərindən başlayaraq dünyanı cənginə almış COVID-19 infeksiyasına qarşı mübarizədə də ölkə Prezidenti İlham Əliyev liderlik təşəbbüslərini öz üzərinə götürərək adını dünya tarixinə yazdırmağı bacardı.

Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi Prezident İlham Əliyevin təşəbbüslərinin nəticəsidir. Cənab İlham Əliyev bütün dünyaya bu çağırışı etdi ki, qlobal problemlərə qarşı qlobal mübarizə aparmaq gərəkdir.

Vətən müharibəsində Qələbəmizi şərtləndirən digər amil hərbi güc və Azərbaycan gənclərinin torpaq, Vətən sevgisidir. Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə qadir olduğunu dəfələrlə düşmənə sübut etmişdir.

Ötən ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini atəşə tutması dövlətimizin, xalqımızın səbr kasasını doldurdu, Prezident İlham Əliyevin «hücum» əmrini yüksək səviyyədə cavablandıran Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi unikal əks-hücum əməliyyatları ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı. Bu gün inkişaf etmiş ölkələrin hərbi ekspertləri Azərbaycanın müharibə taktikasını öyrənirlər. Müharibə itkilərsiz olmur. Amma Azərbaycan Ordusu az itki ilə, bir an da  belə geri çəkilmədən 44 günü tariximizə Zəfər günləri kimi yazdı. Bu müddətdə 6 şəhər, 5 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edildi.

Noyabrın 8-də Qarabağın ürəyi Şuşamızın işğaldan azad edilməsi düşməni diz çökdürdü. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi.

Beləliklə, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına verdiyi digər vədlər kimi, bu sözünə də sahib çıxdı, ərazi bütövlüyümüzü təmin etdi, vaxtilə itirilmiş qürurumuzu özümüzə qaytardı, regionda və dünyada yeni reallıqlar yaratdı. Ən əsası cənab İlham Əliyev bu gün qalib ölkənin qalib Prezidenti kimi işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərlər edərək bu torpaqların əsl sahibinin kim olduğunu Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırır.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev adını tarixə Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider, qalib Sərkərdə kimi əbədi olaraq yazdırdı. 44 günlük İkinci Qarabağ müharibəsinin əsl qəhrəmanına çevrildi.

Zaman bizləri müstəqilliyimizin ilk illərindən uzaqlaşdırdıqca həmin dövrün reallıqlarının bugünkü uğurlarımızda rolunu daha aydın görürük.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev hər bir insanın qəlbində özünə bir əbədi abidə ucaldıb. O abidənin adı müstəqil Azərbaycan dövlətidir. Zəfərin mübarək, Azərbaycan!”.