“Həmin sənədlə dərman problemlərinin həlli nəzərdə tutulur” - Yenilənib

hemin-senedle-derman-problemlerinin-helli-nezerde-tutulur
Oxunma sayı: 1353

“Belə bir məlumat var idi ki, hökumət dərman vasitələrinin qiymətləri ilə əlaqəli xüsusi layihə hazırlayır. Lakin uzun müddət keçməsinə baxmayaraq həmin layihə barədə heç bir məlumat yoxdur”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin iclasında deyib.

Millət vəkili vurğulayıb ki, dərmanların qiymətlərinin baha olması ciddi problemlərdən biridir.

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov cavab olaraq bildirib ki, tək dərmanların qiyməti yox, eləcə də keyfiyyəti, əlçatanlığı və bu sahədə olan digər problemlərlə bağlı Səhiyyə Nazirliyi hökumətlə birlikdə sənəd üzərində iş aparır: “Sənədin hazırlanması ilə bağlı işlər artıq başa çatmaq üzrədir. Güman edirəm ki, yaxın vaxtlarda belə sənədi görəcəyik. Bununla da dərman vasitələri ilə bağlı mövcud olan problemlərin həlli nəzərdə tutulur”.

***

Deputat Qənirə Paşayeva da mövzuya münasibət bildirib: “Dərman vasitələrinin idxalında inhisarçılığa son qoyulmalıdır. Azad bazar yaradılsa, dərmanların qiymətində də, keyfiyyətində də müsbət fərq yaranar. Bundan əlavə, xaricdən şəxsi istifadə üçün dərman gətirən insanların dərmanlarına toxunmaq olmaz. İldə 1-2 dəfə xaricə çıxan adam alverlə məşğul ola bilməz”.  

Q.Paşayeva vurğulayıb ki, əlillik statusu almayan qazilərin dərman reseptləri ilə bağlı məsələlərə baxmaq lazımdır: “Qazilərlə görüşdə reseptlərə baxıram - 400-500 manat. Bu şəxslərin əlillik statusu olmadığına görə güzəştlərdən faydalana bilmirlər. Müvafiq qurumlar bununla məşğul olsunlar”.

Zaur Mirzə