“Həmişə fəxrlə deyirəm ki, ata-oğul bu Vətən uğrunda döyüşmüşük” - Fotolar

hemise-fexrle-deyirem-ki-ata-ogul-bu-veten-ugrunda-doyusmusuk
Oxunma sayı: 2119

“Həmişə fəxrlə deyirəm ki, ata-oğul bu Vətən uğrunda döyüşmüşük. Özüm Laçında, oğlum da Xocavənd, Cəbrayıl və Füzulidə döyüşüb”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Vətən müharibəsi şəhidi Elvin İsmayılovun atası Arif İsmayılov oğlu haqqında danışarkən deyib.

Birinci Qarabağ müharibəsi zamanı Laçın uğrunda gedən döyüşlərdə iştirak edən Arif kişi qeyd edir ki, bizim müqəddəs missiyamızı övladlarımız öz qanları və canları ilə tamamladılar.

Şəhid Elvin İsmayılov Vətən müharibəsindən əvvəl peşəkar futbolla məşğul olub. Daha sonra hərbi xidmətə yollanan Elvin müharibədə iştirak edib. Xocavənd, Cəbrayıl və Füzuli uğrunda gedən döyüşlərə qatılıb. 2020-ci il 30 oktyabr tarixində  Füzuli rayonu uğrunda gedən döyüşlərin birində şəhid olub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Uzun illər müxtəlif ünvanlarda kirayədə yaşayan ailə artıq dövlət tərəfindən onlara verilən yeni mənzilə köçüblər.

Belə ki, bir müddət əvvəl şəhid ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonundakı yeni yaşayış binalarından birində 2 otaqlı, tam təmirli mənzillə təmin edilib.

İndi Şəhid Elvin İsmayılovun atası, anası və iki bacısı onun xatirələrini bu evdə yaşadırlar.