Həmrəylik Oyunlarının könüllüləri ilə görüş keçirildi

hemreylik-oyunlarinin-konulluleri-ile-gorus-kecirildi
Oxunma sayı: 782

Nərimanov Rayon İcra Hakimiyyətində İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Nərimanov rayonunun könüllülərinin bir qrupu ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə icra başçısının müavinləri İradə Mahmudova, İlqar Mirzəyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri və 60 nəfər gənc könüllü iştirak edib.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bildirib ki, 15 gündən sonra hamının diqqəti Azərbaycana yönələcək, 57 İslam ölkəsindən nümayəndə heyəti Azərbaycanda baş tutacaq İslam Həmrəylik Oyunlarında iştirak etmək üçün ölkəmizə təşrif buyuracaq. İdarə rəisi qeyd edib ki, İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qərar 2014-cü ildə Səudiyyə Ərəbistanı Ciddə şəhərində qərara alınıb. Azərbaycan İslam ölkəsidir, bu dəyərlər ölkəmizdə öz əksini tapıb. 

Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova, İlqar Mirzəyev, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov və digər natiqlər bildiriblər ki, bu il ölkəmizdə "İslam Həmrəylik ili” elan edilib. 

Sonra IV İslam Həmrəyliyi Oyunları ilə bağlı videoçarx nümayiş olunub.

Daha sonra IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Nərimanov rayonunun könüllüləri Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlar ilə təltif olunublar.