Səhər işə getmək üçün hazırlaşırdım. Birdən musiqi səsi gəldi qulağıma. Güzgüdən gözümü çəkib pəncərəyə boylandım. Səs yaxınlıqdakı məktəbdən gəlirdi: “Məktəb illəri, ömürün ən şirin, qayğısız günləri. Hər anı bir ömrə bərabər illəri...”
Yadıma düşdü ki, bu gün may ayının son günləridir və məktəblərdə son zəng təlaşı var. Elə ötən gün rəflərimi yığışdıranda bir qalaq şəkil tapmışdım. Hamısı da son zəngimdən. Məktəbi elə də sevən biri olmasam da, rayondan gətirdiyim yeganə fotoşəkillər yalnız bunlardır. Üçüncü qrupa hazırlaşan şagirdi kimya, fizika dərsləri tamam boğaza yığmışdı. Ancaq işin təzadına bax ki, son zəngdə yeganə ağlayan, özü də hönkür-hönkür ağlayan da mən olmuşdum. Diqqətim yenə müsiqiyə gedir: “Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq..”
O zamanlarda bəxtəvər olub-olmadığımı deyə bilmərəm, çünki bu il təmir olunan məktəbdə qış aylarında işimiz pəncərə kənarlarını kağız-kuğuzla doldurub soyuğu bir az da olsa azaltmaq olurdu. Ancaq özümü yetərincə ağıllı hesab edirdim. Ta ki, universitetdə məktəb bazamdakı bilgilərin təzadını öyrənməyə başlayanacan.
Digər illər bir yana, ancaq o onbir ildən qəbula hazırlaşdığım son üç ilimi elə bil məndən alıb zibilliyə atdılar. Halbuki mən o savad üçün neçə gecəmi qurban verib, neçə qonaqlıq plovu qaçırmışdım. İlk illərdə formamız qara don, ağ məzər idi. Cavid Məmmədov Rusiyada çəkdiyi şagirdlərin şəklini paylaşanda məzərlərə baxıb köks ötürdüm. Onlar hələ də forma-məzər geyirmiş. Bir az külək əsəndə qalxıb başımıza keçən o məzərlərin yerinin yeni formalarla əvəzləndiyi vaxt şagird şıltaqlığımız yerini qəbul sitresinə verdi. Son gün “bir də bu partada oturmayacam, bir də şagird olmayacam” nəzəri ilə baxmışdım otaqlara. Darıxacağıma ümid edirdim. İlk məktubum, ilk ulduzlu beşim, ilk ikim və daha nələr-nələr.
Ancaq heç darıxmadım. Əlində mikrofon şeir deyən qızın “bir də olmayacaq sinif yoldaşım” misrasında kövrəldiyim o sinif yoldaşlarımın çoxunu o gündən sonra 1 dəfə də olsun görməmişəm. Sabah məzun günümdür. Yadıma gəlir, məktəb vaxtı ən böyük arzum tələbə olmaq idi. O dörd ilin çox uzun çəkməyini, tələbəlik həyatını doya-doya yaşamaq istəyirdim. Ancaq elə bir il sonra universitet tez bitsin deyə gün saymağa başladım. Yəqin sabah da “Sızlar yada düşəndə ürəyimin telləri, o mehriban, o əziz tələbəlik illəri..” musiqi sədaları qulağıma dəyəcək. Sabah bəlkə də nəsə təsir edər, ancaq illər sonra tələbəlik illəri yadıma düşəndə ürəyimin tellərinin sızlamayacağı üçün çox təəssüflənirəm. Əfsuslar olsun ki, nə məktəbin hər anı bir ömrə bərabər oldu, nə də universitet ürəyimin telini sızlada bildi.
Son xəbərlər
Son Xəbərlər