“Hər bir azərbaycanlının bu məsələdə günahı var”

“Hər bir azərbaycanlının bu məsələdə günahı var”
Oxunma sayı: 2981

Bu gün Ermənistanın cinayətkar rəhbərliyi və onlardan ruhlanan qondarma Dağlıq Qarabağ Respublikasında keçirilmiş qeyri-leqal seçkilər nəticəsində təyin olunmuş xunta rejimi ölkəmizə qarşı müharibə təhdidləri ilə çıxış edirlər. Bu da təsadüfi deyil və düşmənlərimiz tərəfindən qabaqcadan düşünülmüş təxribat xarakterli addımlardan biridir. Bütün dünyanın insanlığı təhdid etməkdə olan pandemiyaya qarşı ölüm-dirim mübarizəsi apardığı, hətta terroru özünə mübarizə yolu seçmiş ən qatı terrorçu qruplaşmaların belə terror hadisələrinə fasilə verdiyi bir zamanda Ermənistan və qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyinin ölkəmizə müharibə çağırışları etmələri, eyni zamanda təmas xəttində atəşkəsin pozulmasına yönəlmiş təxribatçı addımları bir daha onların cinayətkar mahiyyətindən və münaqişədən siyasi və diplomatik şou yaratmaq məqsədlərindən xəbər verməkdədir.

İşğalçı rejim çox gözəl bilir ki, Azərbaycan ordusu hər an 2016-cı ilin aprelində və 2018-ci ildə keçirilən uğurlu döyüş əməliyyatlarının davamını gətirmək əzmindədir və bununla yanaşı onu da gözəl bilirlər ki, hazırda bütün dünyanı cənginə alan pandemiya ilə bağlı xüsusi karantin şəraitində hansısa döyüş əməliyyatlarının aparılması beynəlxalq yazılmış və yazılmamış qaydalara tam ziddir. Uzun illər ərzində konfliktin beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə həllinə nail olmaq üçün böyük dözüm və iradə nümayiş etdirərək qarşı tərəfi diplomatik dalana sıxışdırmış Azərbaycan dövlətinin bu cür düşünülmüş təxribat xarakterli addıma düşmənin istəyinə uyğun reaksiya nümayiş etdirərək hərəkət etməsi çox böyük siyasi səhvə və keçirilən danışıqların üzərindən xəttin çəkilməsinə gətirib çıxaracaqdı.

Çox təəssüflər olsun ki, bu gün ölkəmizdə və ölkəmizdən kənarda olan bir çox azərbaycanlılar da sərhəd xəttində döyüş əməliyyatlarına başlanılmasına, Şuşa şəhərində keçirilən qondarma andiçmə mərasimi zamanı vertolyotun vurulmasına və bu kimi müharibəyə rəvac verən bir sıra çağırışlar etməkdədirlər. Düşünürəm ki, bu çağırışlar da, o cümlədən qeyd etdiyim Ermənistan və qondarma Dağlıq Qarabağ Respublikasının cinayətkar rəhbərliklərinin təxribatçı addımları da və hətta bir müddət öncə Xudafərin və Qız Qalası körpü layihələri ilə bağlı dezinformasiyanın yayılması ilə əlaqədar kompaniya da vahid bir niyyətə xidmət edir. Bu gün Dağlıq Qarabağın və onun ətrafındakı rayonların, hətta İrəvanın da Ermənistanın tərkibində olmasında azərbaycanlı olaraq hər birimizin günahı vardır. Günahımız ondan ibarətdir ki, biz uzun onilliklər ərzində bir yerdə yaşadığımız bu düşmənimizə qarşı layiq olduğu münasibəti sərgiləmədik, addımbaşı etdikləri xəyanətlərə təkrar-təkrar göz yumaraq aşırı tolerantlıq nümayiş etdirdik. On birinci əsrdə qələmə alınan, dəyərli fikirlər toplusu və müdriklik mücəssəsməsi olan “Qabusnamə” adlı əsərdə belə ermənilərin nə qədər rəzil, xəyanətkar və satqın bir kəsim olduğu qeyd olunsa da, onların bu xüsusiyyətlərini görməzdən gəlməyimiz bir daha bizim çox sadəlövh xalq olduğumuzun bariz nümunəsidir. 

Bu gün dünyada olan quvvələr tarazlığı və mövcud şərtlər o qənaətə gəlməyə əsas verir ki, hazırda bir müsəlman dövlətinin hansısa bir xristian dövlətinə masada qalib gəlməsi (xüsusilə də Ermənistan kimi dövlətin, habelə dünyanın xristian dövlətlərinin həmsədrliyi ilə) nə qədər mümkünsüzlüyə yaxındırsa, eyni şərtlərdə müharibə variantında qalib gəlməsi ondan da mümkünsüzdür. Çünki biz dəfələrlə o cümlədən, öz təcrübəmizdə də şahidi olmuşuq ki, dünyada aparıcı güclər tərəfindən tolerantlıq, multikultural dəyərlər, tərəfsizlik və ədalət nə qədər təbliğ olunsa da, ikili standartlar qeyd olunan amilləri daim kölgədə qoymuşdur. Bu zaman sual yaranır ki, bəs o halda Azərbaycana ərazi bütövlüyünü təmin edəcək şəkildə qalibiyyətə zəmanəti hansı yol vəd edir? Yalnız və yalnız hazırda Azərbaycan dövlətinin qət etməkdə olduğu bütün istiqamətlərdə - hərbi, iqtisadi, siyasi, sosial və s. güclənmək, bu yolla da həm regionda, həm də dünyada daha yüksək mövqeyə və söz sahibliyinə nail olmaqla güc nümayiş etdirmək. Anoloji prosesi biz, qardaş Türkiyə dövlətinin timsalında, əldə etdiyi uğurlara güvənərək onun sərhədlərinə ciddi təhlükə yaradacaq terrorçu quvvələrinin məhv edilməsi və ərazilərinin təhlükəsizliyinin təminatı üçün hətta qonşu dövlətlərin torpaqlarına ordu quvvələrini yeritməklə dünya güclərinə güc nümayiş etdirməsi ilə bağlı təcrübəsində aydın şəkildə müşahidə etdik. Bunun üçün də bizə yalnız və yalnız səmimi birlik və ancaq hərtərəfli güclənərək inkişaf etmək lazımdır. 

Bu səbəbdən də birlik və vahid məqsədə xidmət etməklə bağlı çox ibrətamiz bir tarixi hadisəni xatırladım. Tarixi məlumatlara görə Çingiz xanın nəvəsi Hülakü xan Bağdada hücum edir və şəhəri darmadağın edir. Bəzi mənbələrə görə Bağdadın 300 min, bəzilərinə görə isə 500 min insanını qılıncdan keçirir. Sonra isə şəhərdən kənarda mənzil salaraq şəhərin ağsaqqal və başbilənlərini hüzuruna dəvət edir. Ancaq şəhərin sağ qalan ağsaqqal və hörmətli şəxslərindən heç biri onun hüzuruna getməyə cürət etmir. Uzun müzakirələrdən sonra Kadıxan adlı cavan və ağıllı bir sakin bu işi öhdəsinə götürür. Ancaq görüşə getmək üçün ona bir xoruz, bir keçi və bir dəvə verilməsini tələb edir. İstədiklərini götürüb Hülakünün görüşünə gedir və onun hüzuruna gəldikdə Hülakü xan narazı və acıqlı şəkildə deyir: mən ağsaqqal və başbilənləri çağırmışdım. Səndən ağsaqqalı və başbiləni tapılmadı bu şəhərdə? Kadıxan cavab verir ki, sizinlə danışmağa mən vəzifələndirilmişəm. Ancaq sizə daha cüssəli biri lazımdırsa özümlə dəvə gətirmişəm, uzun saqqallı biri lazımdırsa keçi gətirmişəm, gur səsli biri lazımdırsa xoruz gətirmişəm. Hansını istəyirsinizsə dəvət edin gətirsinlər hüzurunuza. Hülakü xan hirslənsə də, cavan oğlanın cürəti və boş adam olmadığı ona maraqlı gəlir və ona deyir: görürəm özünü çox ağıllı hesab edirsən, elədirsə mənim sizə qalib gəlməyimin səbəbini izah edə bilərsənmi? Kadıxan tərəddüd etmədən cavab verir: ona görə ki, biz yolumuzu azmışdıq, Allahın bizə verdiyi nemətlərin və malik olduqlarımızın qədrini bilmədən eyş işrətdə yaşayırdıq. Bir birimizə düşmənçilik edirdik. Hətta sizin hücumunuz barədə məlumata belə qeyri ciddi yanaşdıq, yenə də iddialarmız və ambisiyalarımız üzündən sizə qarşı birləşə bilmədik. Allah da bizə verdiyi nemətləri əlimizdən almaq üçün səni göndərdi və buna görə də, bu gün başımıza gələn bu bədbəxtlikləri yaşamalı olduq.

Bu sözlər Hülakü xana çox maraqlı gəldi. Daha sonra dedi: bəs o zaman deyə bilərsənmi ki, nə vaxta qədər mən sizə ağalıq edəcəyəm? Kadıxan cavab verir ki, siz o zamana qədər buralarda qalıb ağalıq edəcəksiniz ki, bizim insanlarımız ayılacaq, səhvlərini anlayacaq, şəxsi maraqlarını bir kənara qoyub ümumi məqsəd uğrunda birləşəcək. O zaman, sizi heç bir quvvə burada saxlaya bilməz. Biz sizi buralardan qovub çıxaracağıq.

İndi də onu deyim ki, dövlətimizin 102 yaşını qeyd etməyimizə baxmayaraq, biz bu günə qədər şəxsi ambisiyalarımızı və maraqlarımızı kənara qoyub tam şəkildə, ümumi dövlət mənafelərimiz naminə birləşə bilmədiyimizdən daim düşmənlərimizdən zərbə almaqdayıq, ancaq, bundan lazımi nəticə çıxarmırıq. Əziz həmvətənlər, gəlin bir-birimizə düşmənçilikdən, mübarizə gücümüzü özümüzkülərlə mübarizəyə sərf etməkdən əl çəkib, dövlətimizə qarşı deyil, vahid düşmənlərimizə qarşı dövlətimizin ətrafında sıx birləşək! O zaman torpaqlarımızı da azad edəcək və daha da güclü dövlətə sahib olacağıq. Güc yalnız və yalnız birlikdədir.

Siyasi şərhçi Xəyal Bəşirov


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi