“Hər futbolçu uğurlu komandada oynamaq istəyir” - Rahid Əmirquliyev

her-futbolcu-ugurlu-komandada-oynamaq-isteyir-
Oxunma sayı: 2044

Ötən gün Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində “Qarabağ” “Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub edib. “Qafqazinfo” xəbər verir ki, qarşılaşmadan sonra cənubluların kapitanı Rahid Əmirquliyev jurnalistlərin suallarını cavablandırıb:

- Matçla bağlı fikirlərini bilmək maraqlı olardı. Qələbə qazanmağınıza nə mane oldu?

- FİFA-nın məlum qərarını oyun qabağı eşitdiyimizə görə bir az pis olmuşduq. Buna baxmayaraq, layiqli oyun göstərmək istəyirdik. Təəssüf ki, xal qazana bilmədik.

- Yeni transferləriniz də daha meydana çıxa bilməyəcək. Bundan sonra nəyə ümid edirsiniz?

- Ötən mövsüm də demək olar bu heyətlə çıxış edirdik. Bizim üçün çox çətin olacaq. Hər matça layiqli oyun göstərmək üçün çıxacağıq.

- Belə çıxır ki, biz “Xəzər Lənkəran”ı növbəti il də avrokuboklar görməyəcəyik...

- Bu futboldu, hər şey mümkündü. Əlimizdən gələn hər şeyi etməyə çalışacağıq ki, yaxşı nəticə qazanıb, ilk pillələrdə qərar tutaq. Düzdü, gənc futbolçularla bunu etmək çox çətin olacaq.

- Oyun boyu çox çalışırsan, əziyyət çəkirsən, lakin komanda çox top itirir, istənilən kimi oynamır. Bu, səni bezdirmir?

- Onda gərək meydana çıxmayaq. Oynasaq da can qoymalıyıq ki, komanda xeyir görsün.

- Çempionluğa oynamaq üçün darıxmısan?

- Əlbəttə, hər futbolçu çempion olmaq, avrokuboklarda iştirak etmək istəyir. Nə edək, vəziyyətimiz də belədi.

- Belə olan təqdirdə komandanı dəyişməyi düşünürsənmi?

- Hələ ki, 1 illik müqaviləm var. Bu, futboldu, hər şey ola bilər. Hər bir futbolçu avrokuboklarda meydana çıxmaq istəyər. Hər futbolçu uğurlu komandada oynamaq istəyir .“Xəzər Lənkəran”ın da vəziyyətinin düzələcəyinə inanıram.

- Artıq Vüqar Nadirov və Ruslan Abışov komandanı tərk edib. Sənin buna münasibətin necədi?

- Onları başa düşmək olar. FİFA-nın son qərarına kimi gözlədilər. Hər iki futbolçuya gələcək karyeralarında uğurlar arzulayıram.