“Belə bir fikir formalaşıb ki, bələdiyyə ancaq torpaq satmaqla məşğuldur. Bələdiyyələr üçün verilən torpaq sahələri bölünüb. Əkin üçün, örüş üçün və s. Əkin üçün olan torpaqda ev tikməyə icazə vermək cinayət sayılır. Bunun üçün Nazirlər Kabineti qərarına dəyişiklik etməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov deyib. O, parlamentdə səsləndirilən “Azərbaycandan başqa, Avropa Şurasına daxil olan bütün ölkələrdə şəhər bələdiyyələri yaradılıb” fikrinə də münasibət bildirib:
“Bu, yanlışdır. Avropa Şurasına daxil olan bir çox ölkələrdə hələ də bununla bağlı problem qalmaqdadır. Yüz illər boyu bələdiyyə təcrübəsi olan ölkələr bunu yaratmayıbsa, biz bunu necə yaradaq? Biz bələdiyyələrlə bağlı problemi həll etməliyik.
Birincisi, bələdiyyələrin sayı azaldılmalıdır. İkincisi federasiya, konfederasiya və unitar dövlətlərdə olan bələdiyyələri səhv salmamalıyıq. Bunlar tamam başqa anlayışlardır. Üçüncüsü, bələdiyyə sədri də insanlar tərəfindən seçilməlidir.
İşğaldan azad edilmiş ərazilərdə “ağıllı kənd”, “ağıllı şəhər” yaradılması layihələri var. “Ağıllı bələdiyyə” anlayışını da tətbiq etməliyik. Digər tərəfdən bələdiyyə seçkilərini ümumölkə üzrə etməməliyik. Dünyanın heç bir yerində belə təcrübə yoxdur. Bələdiyyə seçkilərinin formatını dəyişməli, bunu ümumilli seçki formatından çıxarmalıyıq. Fərdi qaydada hər kənd öz bələdiyyəsinin seçimini etməlidir. Bələdiyyələrin kifayət qədər vəsaiti var. Təbii ki, bu vəsaiti kifayət qədər istifadə etsələr”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər