“Hər kəs Bakını xatırlayacaq”- - Beynəlxalq Cüdo Federasiyasının prezidenti

her-kes-bakini-xatirlayacaq-
Oxunma sayı: 957


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer deyib. O, Avropa Oyunlarında keçirilən cüdo yarışlarından və oyunların təşkilindən danışıb: 

“Təşkilatçılıqla özüm maraqlanmışam. Hər şey yüksək səviyyədə idarə olunur. Bu yarışlar Azərbaycan üçün çox müsbət bir haldır. Ümumiyyətlə ilk yarış olduğu və Bakıda keçirildiyi üçün yaddaşlarda qalacaq. Hər kəs sonradan bu yarışın tarixi ilə maraqlanarkən Bakını xatırlayacaq”. 

Vizer bildirib ki, bütün ölkələr üçün belə hadisələr sevindiricidir: 

“Azərbaycan belə yarışa ev sahibliyi etdiyi üçün xoşbəxtdir. Bu təşkilatçılıq onu göstərir ki, bu ölkədə Yay Olimpiya Oyunları da keçirilə bilər. Yəni Azərbaycan buna qadirdir”. 

Avropa Oyunlarının fəxri qonağı yarışların təşkilində neqativ hallara rast gəlmədiyini bildirib: 

“Heç bir neqativ halla rastlaşmadım. Cüdo yarışlarının və digər yarışların da təşkilindən razıyam”. 

Federasiya rəsmisi digər cüdo yarışları ilə Avropa Oyunlarındakı cüdo yarışlarının müqayisəsindən belə danışıb: 

“Hər hansı bir müqayisə aparmaq düzgün deyil. Çünki biz bütün yarışlar üçün eyni standartlar qoyuruq. Hamısı eyni qaydalar əsasında keçirilir”.

Elsevər