Son illər dünyada uşaqlarda hiperaktivlik və diqqət pozğunluğu kimi anormal hallar geniş yayılıb. Hazırda bu məsələ psixoloqlar arasında araşdırma obyekti kimi fəal mövzudur. Bizim uşaqların davranışlarında bəzən ayırd edə bilmədiyimiz bu vəziyyətdən çıxış varmı? Nadinc uşaqların davranışları hər zaman normal sayıla bilərmi?
“Qafqazinfo” xəbər verir ki, mütəxəsislər bildirir ki, hər nadinc, sözə baxmayan uşağı tələsik cəzalandırmaq və danlamaq olmaz. Belə uşaqlara tərbiyəsiz uşaq kimi baxmaq da səhvdir. Çünki həmin uşaqların ciddi psixoloji problemi də ola bilər. Hətta fikrini cəmləşdirə bilməyənlər də belə problemlidən sayılır.
Təhsil Problemləri İnstitutunun seminarında müzakirə olunan bu mövzu ilə bağlı müxtəlif fikirlər səslənib. İnstitutun direktoru Qulu Novruzovun sözlərinə görə, bugünədək təhsili, təlim-tərbiyəni əks etdirən qanunvericilikdə tədris zamanı psixoloji məqamlarla bağlı hər hansı tutarlı qeydlər yoxdur. “Halbuki, təhsil sistemində şagird, tələbə müəllim münasibətlərini tənzimləyən əsas məsələ budur”.
İnstitutun İnkluziv təhsil şöbəsinin rəhbəri Lalə İmanovaya görə isə, bu gün fəaliyyət göstərən psixoloji mərkəzlərin çoxu qeyri-peşəkarlıqla işləyir. Bu səbəbdən valideynlər uşaqlarının vəziyyətində hər hansı irəliləyiş hiss etmirlər.
Seminarın əsas məruzəçisi türkiyəli mütəxəsis, psixoloq-tədqiqatçı Səid Dəmirəlin fikrincə, uşaqlarda davranış pozğunluğu həm psixoloji, həm də nevroloji cəhətlə bağlıdır. “Davranış pozuntusu dedikdə, çox istiqamətdə problem yaşayanlar olur. Hiperaktivlər-bizə hədsiz nadinc görünən, sözə qulaq asmayan, heç nəyin nəticəsini fikirləşməyən, bir yerdə dayanmayan və sairə kimi başqalarına yorucu görünən xüsusiyyətləri daşıyanlar nəzərdə tutulur. Belə uşaqların ələ alınması və təhsilə cəlb edilməsi uzun zaman tələb edir. Bu işdə valideyn, psixoloq, müəllim birgə iş görməlidirlər.
Uşaqların təbii ehtiyacları( yemək verməmək, ayaqyoluna buraxmamaq kimi) ilə cəzalandırılması ən yalnış tədbirdir.”
Dünya təcrübəsinə əsaslanan Səid Dəmirəl onu da vurğuladı ki, hiperaktiv, diqqət və davranış pozuntusu olan uşaqlara yalnız 6 ay ərzində diaqnoz qoyula bilər. Bu müddət ərzində özünü eyni cür aparan uşaqlara mütləq tibbi, psixoloji yardım göstərilməlidir. Əks halda gələcəkdə həyatı çətinləşər.
Raminə Eyvazqızı

Son xəbərlər
Son Xəbərlər