Hərbçilərə yardım göstərəcək psixoloqlara xüsusi təlimlər keçiriləcək

herbcilere-yardim-gosterecek-psixoloqlara-xususi-telimler-kecirilecek
Oxunma sayı: 923

“Şanlı qələbə qazanmış hər bir hərbçi mütləq sağalmalı və rahat həyatına geri dönməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov deyib. O qeyd edib ki, Vətən müharibəsində qələbəmiz xəstəliyin müalicəsi və proqnozuna müsbət təsir göstərir:

“Bu gün kontuziyadan sonra nitqinin pozulmasından əziyyət çəkən bir hərbçi Mərkəzimizə müayinə üçün müraciət etmişdi. O danışa bilmirdi, lakin qürurla telefonundakı hərbi fotolarını göstərirdi. Bu hədsiz təsirli anlar idi. Biz fotolara baxdıqca hər birimiz düşünürdük ki, şanlı qələbə qazanmış hər bir hərbçi mütləq sağalmalı və rahat həyatına geri dönməlidir”.

Hərbçilərə və şəhid ailələrinə psixoloji yardım göstərən tibbi personala təlim və kursların keçilməsinə gəlincə isə Fuad İsmayılov bildirib ki, pasiyentlərin spesifikliyi nəzərə alınaraq onlar üçün xüsusi təlimlər keçiriləcək:

“Bizim gözləntimiz odur ki, psixoloji yardım mərkəzlərinə işə qəbul olunan psixoloqlar gərəkli biliklərə sahib olacaqdır, lakin pasiyentlərin spesifikliyi nəzərə alınaraq onlar üçün xüsusi təlimlər keçiriləcəkdir. Təlimlər proqramına psixoloji yardım göstərilməsi haqqında yeni qəbul olunmuş dövlət sənədlərilə tanışlıq, posttravmatik stress pozuntusu zamanı xüsusi müayinə və diaqnostika üsulları, psixoloji yardımın fərdi və qrup şəklində göstərilməsi, həmçinin tibbi sənədlərin yazılması qaydaları, hesabatlar və digər tibbi və sosial xidmətlərlə koordinasiya ilə tanışlıq daxildir”.