Hərbçinin xaricdən aldığı maşın Avro-2 çıxdı, ölkəyə buraxılmır

Hərbçinin xaricdən aldığı maşın Avro-2 çıxdı, ölkəyə buraxılmır
Oxunma sayı: 6332

Vətən Müharibəsi iştirakçısı, hərbçi Nemət Salmanov dələduzluqla üzləşdiyini deyir.

Bu barədə “Qafqazinfo”ya müraciət edən şikayətçi iddia edir ki, Binəqədi rayon sakinləri Asif Əliyev və Bəxtiyar Xudiyev dələduzluq yolu ilə ona maşın satacaqlarını bildirərək pulunu ələ keçiriblər.

Həmçinin oxuyun: Скоро мы снова сможем пользоваться редкими лекарственными растениями Карабаха - Видео

Onun sözlərinə görə, Bəxtiyar Xudiyev 2011-ci il istehsalı “Kia Optima” markalı maşını 5 500 dollar ödəniş müqabilində Gürcüstandan alıb gətirə biləcəyinə söz verərək pulu alıb: “Mən xidmətdə olduğum üçün maşınla qardaşım Səxavət məşğul oldu, onun adına etibarnamə verildi və maşını alarkən söylədi ki, 2025-ci ilə qədər maşını Azərbaycanda illik 30 AZN ödəməklə sürə bilərəm. Sonra pandemiyaya görə maşının Gürcüstanda qaldığını bildirdi, həmçinin məndən maşını rəsmiləşdirmək üçün 11000 AZN pul istədi. Mən də həmin pulu düzəldə bilmədiyimi, 2025-ci ilədək lazım olan pulu hazırlayıb maşını gömrük rəsmiləşdirməsindən keçirə biləcəyimi dedim. Maşını Azərbaycana gətirib idarə etməyə başladım, lakin 3 ay sonra maşının əsl sahibi olduğunu deyən Ələddin adlı şəxs ortaya çıxdı. O bildirdi ki, maşın onun adınadır və mən Gürcüstana maşınla gedib avtomobili öz adıma keçirə bilərəm. Həmin şəxslə razılaşdıq, maşını Gürcüstana göndərdik, dedik ki, oradakı qohumumuzun adına sənədləşdirilsin, elə də etdik. Tranzit nömrə ilə maşın yenidən Azərbaycana keçiriləndə gömrükçülər bizə bildirdi ki, maşını rəsmiləşdirə bilməzlər, çünki yalnız Avro-2 standartlarına cavab verir, Azərbaycanda isə bu standartlara uyğun maşınlar ölkəyə buraxılmır”.

Şikayətçi bildirib ki, məsələ ilə bağlı DİN-in 102 xidmətinə məlumat verib və onu Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinə yönləndirsələr də, müraciətinə  baxılmayıb.

N.Salmanov onu da əlavə edib ki, avtomobili hazırda Gürcüstandadır, maşını ona satan şəxslər avtomobili qonşu ölkədə satıb pulunu qaytaracağını bildirsələr də, bu vədlərinə də əməl etməyiblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. Qurumun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, müraciət araşdırılıb, lakin cinayət tərkibi müəyyən edilməyib: “Vətəndaş Nemət Salmanov, Binəqədi rayon sakini A.Əliyev və B.Xudiyevin onu aldadaraq ekoloji standartlara uyğun olmayan avtomobil satması ilə bağlı polis orqanlarına müraciət edib. Məsələ ilə bağlı Binəqədi RPİ-də araşdırma aparılıb və iş mülki xarakterli olduğundan toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib”.

Qeyd edək ki, 2014-cü ilin 1 aprel tarixindən etibarən Avro-4 standartından aşağı standartlara uyğun minik avtomobilləri Azərbaycana buraxılmır və onların rəsmiləşdirilməsi mümkün deyil.

Nizam Rza