Hərbi hissə atəşə tutulduğu üçün sənədləri yanan döyüşçü necə veteranlıq alsın?

herbi-hisse-atese-tutuldugu-ucun-senedleri-yanan-doyuscu-nece-veteranliq-alsin
Oxunma sayı: 2151

Xəbər verdiyimiz kimi, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Daşaltı əməliyyatı zamanı minaya düşərək yaralanan Vəkil Hümbətov müvafiq qurumlarda sənədləri olmadığı üçün müharibə veteranı adını ala bilmir. Məsələni araşdırarkən Azərbaycanda belə şəxslərin sayının az olmadığının şahidi olduq. Bəs məsələnin həlli yolu nədir? Ümumiyyətlə, bu halla üzləşən vətəndaş nə etməlidir? “Qafqazinfo” məsələni araşdırmağa çalışıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, 1990-cı illərdə Birinci Qarabağ müharibəsində iştirak edən, oxşar vəziyyətlə üzləşən insanların sayı həddindən artıq çoxdur: “Burada müxtəlif səbəblər var. Lakin əksər hallarda rəsmi olaraq bu hal həmin dövrdə Müdafiə Nazirliyində arxivləşmənin həyata keçirilməməsi, təşkil olunan hərbi hissələrin, kiçik taborların vahid nizami ordu modelində qurulmaması, hərbi hissəyə və yaxud konkret əraziyə daxil olan şəxslə bağlı möhür, ştamp və digər yazışmaların həyata keçirilməməsi olub”.

Deputat qeyd edib ki, sözügedən məsələ ilə bağlı 90-cı illərin sonuna müəyyən meyarlar formalaşmışdı. Şəxsin hərbidə olduğunu təsdiqləyən sənədlər tapılmadıqda o zaman həmin hərbi hissələrdə çalışmış, xidmət edən şəxslərin şahidliyinə önəm verilirdi:

“Bu zaman təbii ki, rəhbər mövqedə olan şəxslərin məsələ ilə bağlı verdikləri arayışlar, sənədlər və ya bəzən digər başqa xarakterli mövqelər hüquqi rol oynayırdı. 2000-ci illərdən sonra bəzi şəxslərin, vətəndaşların müharibədə iştirak etmədən, ön cəbhə döyüşlərinə qatılmadan veteranlıq vəsiqəsi almaq istəməsi, belə bir vəziyyətin ortaya çıxması prosedurun sərtləşdirilməsinə səbəb oldu”.

Zahid Oruc xatırladıb ki, ümumilikdə, Birinci Qarabağ müharibəsində 90 mindən çox müharibə veteranı var: “Bir batalyon, hərbi hissə, briqada və s. kimi iyerarxiyada maksimum nə qədər hərbçinin ola biləcəyi bəllidir. Əgər doğrudan da 100 minə yaxın Azərbaycan vətəndaşı müharibədə iştirak etmiş olsaydı, Birinci Qarabağ müharibəsində bu dərəcə genişmiqyaslı ərazi, əhali, əsgər və s itkilərinə məruz qalmazdıq.

Buna görə də qaydalar sərtləşdi və məsələ ilə bağlı mübahisələr məhkəmə yolu ilə həll edildi. Əksər hallarda müharibədə iştirak edən şəxslərin hüquqları təmin edilir, onlara müharibə veteranı statusu verilirdi”.

Zahid Oruc qeyd edib ki, deputat olaraq Bərdə bölgəsini təmsil edir və onun təmsil etdiyi ərazidən də bu cür problemlə qarşılan xeyli sayda insanlar olub: “Məsələ ilə bağlı Müdafiə Nazirliyinin rəsmiləri ilə dəfələrlə görüşlərdə olmuşam, həmin quruma sorğularla müraciət etmişəm. Əksər hallarda bu cür müraciətlər müsbət cavablandırılır, problem öz həllini tapırdı”.

Deputat vurğulayıb ki, həm Çingiz Mustafayevin, həm də o dövr fərdi qaydada çəkilişlər aparan şəxslərin çəkdiyi görüntülərə düşən, hətta müsahibə verən insanlar var ki, onlarda müharibə veteranı statusu almaq istəyirdilər və onların əksəriyyətinin istəyi təmin olunurdu.

Lakin illər keçdikcə bu qaydalar daha da mürəkkəbləşdi. Çünki müəyyən insanlar oldu ki, müharibə veteranı statusu almaqla dövlətin bu qrup insanlar üçün verdiyi imtiyazlardan – həm birdəfəlik ödəniş, həm də aylıq müavinət almaq istəyirdilər. Ona görə də qaydalar sərtləşdirildi və bu cür müraciətə xüsusi həssaslıqla baxılır.

O əlavə edib ki, Vəkil Hümbətovla bağlı məsələni, parlament üzvü kimi, İnsan Haqları Komitəsinin sədri olaraq şəxsi nəzarətinə götürməyə hazırdır: “Çox təəssüflər olsun ki, hələ də müharibə veteranı statusu verilməyən həmyerlilərimiz var. Düşünürəm ki, bu kadrlar müəyyən mənada özü-özlüyündə bir sübutdur. Lakin bu sahədə vəkillərin dəstəyini almalıyıq. Görüntülər ekspertizadan keçirilməli və onların həqiqiliyi yoxlanılmalıdır. Bundan sonra isə həmin şəxsə veteran statusu verilə bilər”.

Deputat qanunda hər hansı bir boşluğa görə belə vəziyyətin yarandığını düşünmədiyini bildirib: “Məsələ ilə bağlı hüquq sisteminin normalarının olduğunu düşünürəm. Məsələyə praktiki yanaşma olmalıdır. Müdafiə Nazirliyinin məsələyə yanaşması sırf hüquqi müstəvidədir. Onlar bilirlər ki, əgər arxiv sənədləri yoxdursa, bu yöndə müvafiq hüquqi qərarın alınması üçün məhkəmə yolundan istifadə eləmək lazımdır. Məsələnin mahiyyəti bundan ibarətdir”.

Həmin dövrdə 8016 saylı batalyonun komandanı olmuş mayor Səfərov Fəxrəddin açıqlamasında Vəkil Hümbətovun onunla birgə döyüşdüyünü bildirib: “1990-cı illərdə könüllü batalyonu yaranandan sonra Müdafiə Nazirliyi tərəfindən batalyona nömrə verildi. 816 nömrəli əlahiddə özünümüdafiə batalyonu. Həmin dövrdə də Vəkil Hümbətov da bizdə könüllü kimi döyüşürdü və o, könüllü kimi sənədləşdirildi. Vəkil Hümbətov müxtəlif kəndlərin və Şuşanın müdafiəsində iştirak edib. Bizim hərbi hissə 1992-ci ilin may ayının 8-də qrad atəşinə tutuldu və hərbi hissə yandı. Biz heç bir sənəd çıxara bilmədik. Orada olan hərbi biletlər, bütün sənədləri yandı. Mənə məxsus şəxsi sənədlərim də orada yandı. Heç nə çıxara bilmədik. Buna görə də Müdafiə Nazirliyində demək olar ki, bizim hərbi hissənin sənədləri tam yoxdur.

Fəxrəddin Səfərov qeyd edib ki, Vəkil Hümbətov və digərləri vaxtında bu məsələlərin üzərinə düşsəydi, müharibə veteranı adını bilərdi: “Onlar döyüşüblər. Lakin bu şəxslərin özlərində də günah var ki, 30 ilə yaxın müddətdə bu məsələnin üstünə düşməyiblər. Əvvəllər Hərbi Komissarlıqların belə sənədləri vermək səlahiyyətləri var idi. Bizimlə birgə döyüşən uşaqların çoxu veteran statusu aldı. Vəkil isə bu məsələyə laqeyd yanaşıb. Lakin o əvvəldən axıra qədər döyüşüb. Daşaltında o da daxil olmaqla, bir qrup hərbçi minaya düşdü. Bir əsgərin ayaqları kəsildi. Vəkil də həmin vaxt qəlpə yarası aldı, sonra hospitalda yatandan bir müddət sonra yenidən hərbi xidmətə qayıtdı”.

816 saylı hərbi hissə hərbi ekspert Ədalət Verdiyevə tanış gəlməsə də, belə bir hərbi hissənin mövcudluğunu istisna etməyib: "Çünki 90-ci illərdə hərbi hissələr tez-tez yaranır və bir və ya bir neçə ay sonra da ləğv olunurdu.  Mənə elə gəlir ki, bu məsələ yalnız məhkəmə yolu ilə həll oluna bilər. Başqa cür bu məsələnin həlli yoxdur. Vətəndaşımız da 30 il sonra yəni çox gec öz hüquqlarını bərpa etməyə başlayıb".

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusu üzrə dərc olunub.