Hərbi mahnımız kifayət qədərdirmi?

herbi-mahnimiz-kifayet-qederdirmi
Oxunma sayı: 1632

Cəbhədə baş verən olaylarla bağlı əhali arasında ruh yüksəkliyinin şahidi oluruq. İnsanlar ermənilərin atəşkəs rejimində törətdiyi təxribatlarla bağlı müzakirələr aparır, sosial şəbəkələrdə vətənpərvərliklə bağlı mahnılar paylaşırlar.

“Qafqazinfo”nun məlumatına görə, mövzu ilə bağlı mahnıların azlığı və yaxın keçmişdə ifa olunan musiqi əsərlərinin sosial şəbəkələrdə paylaşılması diqqətdən yayınmayıb.

Bu gün kiçik istisnaları nəzərə almasaq deyə bilərik ki, hərbi mahnıların yazılması sahəsində xeyli susqunluq var.

Müasir incəsənət nümayəndələri vətənpərvərlik mahnıları, gəncləri torpaqlarımızın müdafiəsinə çağıran, onları mənəvi-psixoloji cəhətdən savaşa hazırlayan musiqi əsərlərini niyə ifa etmirlər?

“Qafqazinfo” mövzü ilə bağlı bəstəkar Nailə Mirməmmədli ilə əlaqə saxlayıb.

O, bildirib ki, bu cür mahnılar yazılsa belə, onlara efirlərə yer verilmir:

“Mövzu ilə bağlı çox mahnılar yazılır. Bunu öz adıma deyə bilərəm. Problem verilişlərdədir. Müğənnini efirə çağıran zaman onların qarşısına şərt qoyurlar, şən mahnılar oxumaqlarını tələb edirlər. Hər bir müğənninin ən azı 1 vətənpərvərlik mövzusunda mahnısı var. Bu mahnıları efirlərdə işıqlandırmırlar, heç lirik mahnılara da icazə verilmir. Ancaq şən mahnılar səsləndirilməlidir. Efirlə toyxananı səhv salırlar. Çox yaxşı olardı ki, bu mözvu ilə bağlı konsertlər olsun, verilişlərdə belə mövzular qoyulsun”.

Xalq artisti Faiq Ağayev açıqlamasında söyləyib ki, müğənnilərin bu mövzuda mahnılara müraciət etməməklərinin səbəbini özü də bilmir:

“Mən vətənpərvərlik mövzusunda əsərlər ifa etmişəm. Digər müğənnilərin bu mövzuda mahnılara müraciət etməməklərinin səbəbini bilmirəm. Yaxşı olar ki, vətənpərvərlik mövzusunda mahnı oxumayanlarla birbaşa əlaqə saxlayın. Görək, nə kimi bəhanə gətirəcəklər? Bir müğənni kimi səbəb görmürəm ki, kimsə ən azı bir vətənpərvərlik mahnıları ifa etməsin. Anlaşılmaz bir şey olduğu üçün səbəblərini deyə bilmərəm”.

Xalq artisti Mübariz Tağıyev isə ölkədə təbliğat açarının düzgün işləmədiyini deyib:

“Bir balaca ara sakitləşən kimi sənət adamları öz gəlirləri barədə düşünürlər. Hər kəs öz işini görür. Restoran, toy və sairə məkanlarda çıxışlarını edirlər. Hərdən bir bu mövzulu mahnılar ifa etməyə başlayırlar. Elə bu yaxınlarda vətənpərvərlik mövzusunda müsabiqə elan olunmuşdu. Yeni müğənnilər və bəstəkarların əsərləri səslənidirildi. Ancaq bu, aktual olmur. Müntəzəm olaraq yeni mahnılar ifa etmirlər. Yəqin ki, təbliğat düzgün işləmir. Torpaqlarımızın işğal günlərində belə mahnılar oxuyuruq, çox boşluqlar var. Mən demirəm ki, milləti gərginlik içində saxlayaq. Ancaq yadımızdan çıxarmayaq ki, müharibə şəraitindəyik”.

Elvin Elxan