“Hərbi məhkəmələr ittihamçıların vəsatətlərinə etinasız yanaşır”

herbi-mehkemeler-ittihamcilarin-vesatetlerine-etinasiz-yanasir
Oxunma sayı: 2265

Hərbi Prokurorluqda 2019-cu il ərzində mərkəzi aparatda görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hərbi prokuror Xanlar Vəliyev çıxış edərək bildirib ki, görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunub.

İbtidai araşdırmanın aparılması, baş vermiş cinayət hadisələri nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olub, onların aradan qaldırılması üçün konkret göstərişlər verilib. Xüsusi vurğulanıb ki, cinayət işlərinə məhkəmələr tərəfindən səyyar qaydada baxılması cinayətkarlığa qarşı mübarizə sahəsində böyük profilaktik və xəbərdaredici əhəmiyyət kəsb etməsinə baxmayaraq, birinci instansiya hərbi məhkəmələri dövlət ittihamçılarının bu barədə vəsatətlərinə etinasız yanaşıblar.

Hərbi prokuror korrupsiyaya qarşı daha ciddi mübarizə aparılması ilə əlaqədar prokurorluq orqanlarının üzərinə çox böyük məsuliyyət düşdüyünü qeyd edərək bildirib ki, bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin intensivliyi və effektivliyi artırılmalıdır.

Qeyd olunub ki, 2019-cu il ərzində xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.