Hərbi Prokurorluqda kollegiya iclası keçirildi

herbi-prokurorluqda-kollegiya-iclasi-kecirildi
Oxunma sayı: 2057

Hərbi Prokurorluqda 2021-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib.

Qurumdan "Qafqazinfo"ya verilən məlumata görə, Hərbi prokuror Xanlar Vəliyev iclasda bildirib ki, ötən il hərbi prokurorluq orqanlarının uğurlu fəaliyyət ili kimi yadda qalıb: “İşçilərin peşəkarlığı və əzmi sayəsində cinayətlərin ümumilikdə 99 faizi, o cümlədən həyat və sağlamlıq əleyhinə olan və bəzi digər növ cinayətlərin 100 faizi açılıb. 2021-ci ildə tədbirlər planları əsasında hərbi qulluqçularla mütəmadi görüşlər təşkil edilib, onların qayğı və problemləri ilə maraqlanılıb, həmçinin fərdi qəbullar keçirilib.

Hesabat dövründə qeydə alınmış bəzi cinayətlər əvvəlki illə müqayisədə azalıb. Belə ki, 2020-ci illə müqayisədə 2021-ci ildə qeydə alınmış tabeçilik qaydaları əleyhinə cinayətlər 6 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 42,4 faiz, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 25 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 20,8 faiz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 17,6 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 7,1 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 25 faiz azalıb”.

Xanlar Vəliyevin sözlərinə görə, noyabr-dekabr aylarında bilavasitə Hərbi Prokurorluq orqanları tərəfindən 73 şəxs barəsində amnistiya aktı tətbiq edilib: “Eyni zamanda, bu dövrdə prokurorların iştirakı ilə hərbi məhkəmələr tərəfindən 81 şəxs barəsində və prokurorluğun prosessual rəhbərliyi ilə müvafiq qurumlar tərəfindən 114 şəxs barəsində amnistiya aktı tətbiq olunub.

Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə müntəzəm iş aparılıb. İndiyədək 2908 nəfərin, o cümlədən itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətləri müəyyənləşdirilərək meyitləri ailələrinə təhvil verilib. İtkin düşmüş 6 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, axtarış qrupları tərəfindən müntəzəm iş aparılır.

Ötən il xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə Hərbi Prokurorluğun 6 işçisi intizam məsuliyyətinə cəlb olunub.

Prezidentinin 2021-ci il 1 aprel tarixli Sərəncamı ilə Qubadlı, Kəlbəcər Hərbi prokurorluqları və Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu yaradılıb. Hazırda həmin prokurorluqlar qısa zamanda formalaşdırılmış münbit şəraitdə uğurla fəaliyyət göstərirlər. Sentyabrın 26-da və 27-də Baş prokuror Kamran Əliyev və Baş prokurorun müavini–Hərbi prokuror Xanlar Vəliyev, eləcə də Baş Prokurorluğun və Hərbi Prokurorluğun rəhbər işçilərindən ibarət nümayəndə heyəti Kəlbəcər və Qubadlı rayonlarına səfər edib. Səfər zamanı Kəlbəcər və Qubadlı Hərbi prokurorluqlarının yeni inzibati binalarının açılış mərasimi olub”.