Hərf tanımayan nişanlı qız

herf-tanimayan-nisanli-qiz
Oxunma sayı: 1932


Müğənnilərdən yazanda elə bilirlər ki, onlara paxıllıq edirik. Azərbaycanın dövlət himninin sözlərini bilməyən, Qara Qarayevi tanımayan, ömründə bircə vərəq kitab oxumayan bu adamları necə tənqid etməyək?

Bəla burasındadır ki, bu ölkədə təkcə şou-biznes əhli kütbeyin deyil. Buraxılış imtahanlarında şagirdlərin təxminən 60 faizi iki alır. Əsgər var ki, silahı təhvil alanda qol çəkmək əzvəzinə boş xanaya barmağını basır. Alim tanıyıram ki, müdafiə etdiyi dissertasiyanın adını bilmir. Son illər savadsızlıq kütləvi hal almağa başlayıb. Buna görə də çoxları ərizə yazdırmaq üçün qonşunun qapısını döyürlər...

Rəhmətlik Əlibala Hacızadə mənə danışmışdı ki, vaxtilə “İtkin gəlin” əsəri 100 min tirajla çap olunsa da, qısa müddət ərzində satılıb qurtarıb. Mərhum dövlət başçısı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində çalışanda, Aran rayonlarımızın birində pambıqçı qızlar ondan “İtkin gəlin” əsərinin ikinci dəfə nəşr olunmasını xahiş ediblər. Siz ağlınıza gətirə bilirsinizmi, indi hansısa gənc qız ölkə başçısından sevdiyi romanın ikinci dəfə nəşr olunmasını xahiş etsin? O, hansı əsərdir ki, ikinci nəşri qaçılmaz olsun? Bu gün 300-500 tirajla çıxan kitabları da satıb qurtarmaq mümkün deyil. Hansı ki, son illər nəşr olunan roman və povestlər bədii-estetik cəhətdən “İtkin gəlin”dən qat-qat üstündür. Amma sovet dövründə yaşamış pambıqçı qızlar bizdən daha yaxşı oxucu olduqları üçün “İtkin gəlin” kimi zəif əsərlər belə qısa müddət ərzində satılıb qurtarırdı...

Elm sübut edib ki, uşağın ilkin intellektual bazası ananın hesabına formalaşır. Bizdə isə gənc qızları məktəbdən ayırıb, ərə verirlər. Qanun 17 yaşını tamamlamamış qızların ərə getməsini qadağan edir. Amma burda da boşluq var. Oğlan evi icra nümayəndəsinə 200-300 manat verib, “ailə vəziyyətinin ağır olduğunu” təsdiqləyən arayış alandan sonra hələ yağla şorun fərqini ayırd edə bilməyən qızı öz evlərinə gəlin köçürürlər. Müsibət də bundan sonra başlayır. Valideynlərinin kaprizləri üzündən normal təhsil ala bilməyən, bəzi hallarda isə adını yazmağı bacarmayan qızlar bir-birinin ardınca uşaqlar dünyaya gətirirlər. Adını yaza bilməyən ana öz uşağına necə hərf öyrədə bilər? Fikir vermisinizsə, son illər Milli Parka gəzintiyə çıxan cütlüklərin sayı xeyli azalıb. Gənc dostlarım mənə deyirlər ki, sevgililər bir arada olanda bəzən danışmağa mövzu tapmırlar. Onları qınamlı deyil. Danışmaq üçün adamın qabında nəsə olmlıdır...

Bu hadisəni mənə qohumlarımdan biri danışıb. Bir müddət əvvəl onlarla eyni binada yaşayan gənc bir qızı nişanlayıblar. Ertəsi gün oğlan sevgilisinə mesaj yazıb. Amma qız hərfləri tanımadığı üçün mesajı onun əvəzinə bacısı oxuyub. Bilirsiniz, sonra nə baş verib? Oğlan sevgilisinin kütbeyin olduğunu dərk edəndən sonra onun bacısı ilə yazışmağa başlayıb.

Hərf tanımayan qıza bu da azdır...