“Hesabatın Azərbaycanla bağlı hissəsi tamamilə obyektivdir”

hesabatin-azerbaycanla-bagli-hissesi-tamamile-obyektivdir-
Oxunma sayı: 1145



ABŞ Dövlət Departamenti dünyada insan haqlarının durumuna dair “2013-cü il Ölkələr üzrə İnsan Haqları Hesabatı”nı açıqlayıb. Azərbaycana aid olan bölmədə ölkədə ciddi problemlərin mövcudluğu bildirilir. “Qafqazinfo” xəbər verir ki, Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli partiyanın mətbuat xidmətinə hesabatla bağlı münasibət bildirib:

ABŞ Dövlət Departamentinin hər il dünyada insan haqlarının durumuna dair açıqladığı hesabatlar böyük maraqla qarşılanır. Çünki, ABŞ hökuməti öz siyasətinin prioritetlərini məhz bu sənədlərə, hesabatlara uyğun qurur. İnsan haqları dövlətlər üstü hüquqi qaydalarla qorunduğu üçün, böyük demokratik dövlətlərin belə hasabatlarına diqqətlə yanaşmaq lazımdır. Demokratik idarə olunan dövlətlər öz vətəndaşlarına geniş azadlıqlar təmin etməklə inkişafın, firavanlığın və təhlükəsizliyin coğrafiyasını yaradıblar.

Ölkəmizdə insan hüquq və azadlıqları sahəsində ciddi problemlər var. Son illər bütün beynəlxalq hesabatlarda insan hüquqlarının vəziyyətinə dair narahatlıqlar ifadə olunub. Konstitusiyanın 158 maddəsinin təqribən 50 maddəsində insan hüquq və azadlıqları təsbit olunsa da, fundamental azadlıqlar hakimiyyət tərəfindən məhdudlaşdırıb. Hüququn mahiyyəti azadlıqdır. Konstitusiyanın vətəndaşlara verdiyi, ifadə, vicdan, sərbəst toplaşma, məlumat və birləşmə azadlıqları kağız üzərində qalıb. Hüquqları təmin etmək və qorumaq dövlətin əsas vəzifəsidir.

Hesabatda, hökumətin insan haqlarını pozan məmurları cəzalandırmaq iqtidarında olmadığı qeyd edilir. Fikirimcə hökumət insan haqlarını pozan bu məmurları cəzalandırmaqda maraqlı deyil.

Vətəndaşların hökuməti dinc yolla dəyişmək hüququna məhdudiyyətlər qoyulduğu, prezident və parlament seçkilərinin demokratik seçki standartlarına uyğun gəlmədiyi, mülkiyyət hüquqlarının pozulması, QHT-lərə olan basqılar, jurnalistlərin, hüquq-müdafiəçilərinin və demokratik fəalların qorxudulması, həbs edilməsi, həddindən artıq yersiz güc tətbiq edilməsi ilə bağlı fikirlər tam əsaslıdır. Bu kimi halların ölkəmizdə adi hala çevrildiyi heç kəsə sirr deyil. İnsan hüquq və azadlıqları təkcə ictimai-siyasi qurumların fəaliyyət və nəzarət sahəsi deyil. Hər kəsin anlamalı olduğu və öz namusu kimi qoruyacağı bir ləyaqət formuludur və bütün vətəndaşların iştirakçılığı ilə qorunmalıdır. Vətəndaş dövlətinə o zaman güvənir ki, hər kəs qanun qarşısında bərabər olsun. Əks halda ölkədə uzunmüddətli sabitlik, təhlükəsizlik, iqtisadi inkişaf və hüquq sisteminə hörmət ola bilməz.

N. Məmmədli qeyd edib ki, məhkəmə sisteminin icra hakimiyyətindən asılılığı, ədalət mühakiməsinə vətəndaşların inamının sarsılması, xüsusilə qanunsuz saxlamalar və siyasi motivli həbslərin artması dövlətin təhlükəsizliyinə ciddi zərbədir.

ABŞ dövlət Departamentinin hesabatından yararlanmaq lazımdır. Azərbaycanla bağlı hissəsi tamamilə obyektivdir və real vəziyyəti əks etdirir. Sənəddə həmçinin, Ermənistanın dəstəyi ilə separatçıların Dağlıq Qarabağın böyük hissəsinə və Azərbaycanın digər yeddi rayonuna nəzarət etdikləri fikri də, indiki geosiyasi durumda olduqca əhəmiyyətlidir.