Həşəratlar

heseratlar
Oxunma sayı: 2554


Əvvəllər pis adamlar görəndə düşünərdim ki, kaş bunlar günün birində Zamza kimi həşərata çevrilərdi. Yaxşı adamlar da onlara qulluq edərdi. Varlıqları hiss olunmazdı Zamza kimi...

Zaman keçdikcə anladım ki, cahil, paxıl, yaxşılıq itirən, yaltaq, badalaq vurmaq üçün marığa yatan adamlar olmasaydı həyat bəlkə də kontrassız olardı. Onların da bu həyatda öz yeri var. Ən azından belələrini görüb nəticə çıxarmaq olur...

Uşaq vaxtı oxudum “Səfillər”i. Yepiskop Mirieldən qəlbigenişliyi, Jan Valjandan etibarlı olmağı öyrəndim... Sonra çöllərə səpələnib dilənən, qara-qura işlərlə məşğul olub çörəkpulu qazanan uşaqların üzündə axtardım Kozettanın, Qavroşun cizgilərini.Fantina kimi qadınlar gördüm. İnsanlar onları çıxdaş edərkən düşündüm ki, bəlkə o qadınların da balaca Kozettası var... Bəlkə hansısa Tenardye onu bu yola sürükləyir.

Bir dəfə anama demişdim:Görəsən, sən də Fantina kimi saçını, dişini satıb mənə xərcləyərsən? Anam oxumuşdu “Səfillər”i. Möhkəm xətrinə dəydi bu müqayisəm. İncidi. Çox sonralar-ağlım kəsəndə dərk etdim ki, əsərin qəhrəmanlarını hamı eyni cür təsvir etmirmiş... 

Oxuduğum bütün əsərlərin müsbət cəhətini mənimsədim. Raskolnikovdan peşman olmağı öyrəndim, Qorio atanın qızları Anastazi və Delfinadan nankor olmamağı. Qorio atanın qızlarına qarşı hədsiz diqqəti, qayğısı da bir dərs oldu: insanlara aşırı məhəbbət lazım deyil. Bunu bir də oğul Siddhartha ata Siddharthadan bezib gedəndə başa düşdüm.

Axundovun, Haqverdiyevin, Mirzə Cəlilin... qəhrəmanları mənə tədbirli olmağı öyrətdi, insanları daha yaxşı tanımağa kömək etdi. Kitabların əhatəsində böyüdüm. Onlar mənim müəllimlərim oldu... Pisləri gördüm, üzüldüm. Yaxşıları gördüm, sevindim. Ümidim rişə atdı...

Bir şeirim var depressiyadan çıxmaqla bağlı:

Təzələdim üst-başımıhündür daban ayaqqabılar aldım boyum bir az da ucaldı həqiqətdən bir az da uzaqlaşdım...


*** 

Evimizi satıb başqa ev almışdıq. Daşınan vaxt əşyalarımızı yaxın bir qohumun evinə yığdıq. Aradan bir müddət keçdi. Bir kitabxanalıq kitablarımızı gətirməyə getdik. Qohumun arvadı məxmər xalatda odun sobasını qalayırdı. “Səfillər”dən iki qoşa vərəq qopardı. Tez özümü irəli atdım. Əlinin hisini xalatının ətəyinə silə-silə qızıl dişlərini göstərdi: “Allah sizdən razı olsun. Bu qış ipişkaya pul verməmişik. Kitablarınız yaman köməyimizə gəldi.”