Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin və onun rəhbərlik etdiyi nümayəndə heyəti 6-8 dekabr tarixlərdə Azərbaycan Respublikasında rəsmi səfərdə olub. “Qafqazinfo” xəbər verir ki, nümayəndə heyəti səfər çərçivəsində Abşeron rayonunda da olub, Abşeron Rayon İcra Hakimiyyətində görüş keçirilib.
Görüşdən əvvəl nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə güllər düzüb.
RİH-nin binasında baş tutan işgüzar görüşdə Abdin Fərzəliyev qonaqları Xırdalan şəhərində növbəti dəfə salamlamaqdan məmnunluğunu ifadə edərək Abşeron rayonu ilə Həştərxan vilayəti arasında sıx əməkdaşlığın olduğunu bildirib. Abdin Fərzəliyev Abşeron rayonu haqqında ətraflı məlumat verib, rayonun kənd təsərrüfatı, iqtisadi və sənaye, o cümlədən turizm potensialından danışıb. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində bütün respublikada olduğu kimi Abşeron rayonunda da sənaye və kənd təsərrüfatının dinamik inkişaf etdiyi, yeni iş yerlərinin açıldığı, yaşıl enerjiyə xüsusi diqqət yetirildiyi qeyd edilib.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini bildirən Abdin Fərzəliyev Həştərxan şəhərində də Ulu öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş bir sıra tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib, Ümummilli liderin əziz xatirəsinə göstərilən ehtiram və diqqətə görə minnətdarlığını bildirib.
Yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən qubernator İqor Babuşkin Abşeron rayonu ilə Həştərxan vilayəti arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb, iqtisadi əlaqələrin ildən ilə artdığını, onun daha da inkişaf etdirilməsi istiqamətində yeni imkanların mövcudluğunu vurğulayıb
Sonra Xırdalan şəhərindəki Abşeron Mədəniyyət Evində Həştərxan vilatyətinin tanınmış incəsənət nümayəndələri tərəfindən konsert verilib.