Rusiya Federasiyasının Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Bakıda keçirilən Formula 1 Avropa Qran Prisi ilə əlaqədar Həştərxan Vilayəti Dumasının sədri Aleksandr Klıkanovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Nümayəndə heyətinin tərkibinə Həştərxan Vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri Denis Afanasyev, Həştərxan vilayətinin iş adamları və Formula 1 həvəskarı olan Həştərxan sakinləri daxildir.
Yarışlardan öncə, səfər çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüşü baş tutub.
Görüşdə Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi vurğulanaraq, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində son illər böyük işlərin görüldüyü qeyd edilib.
A.Klıkanov Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində görülən işlərin xüsusilə diqqətəlayiq olduğunu qeyd edib.
Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən Həştərxan şəhərində bir sıra sosial layihələr həyata keçirilib. Həştərxanda Ulu Öndər Heydər Əliyevə abidə ucaldılıb. Onun adını daşıyan park və 11 nömrəli ümumtəhsil məktəbinin binası yenidən qurulmuş, həmin məktəbin nəzdində müasir uşaq bağçası tikilib istifadəyə verilmiş, “Azərbaycan-Rusiya Dostluq Körpüsü” açılmış, Knyaz Vladimirin abidəsi ucaldılmış və “Meçta” uşaq əyləncə şəhərciyi salınmışdır.

Son xəbərlər
Son Xəbərlər