Son günlər xeyli fəxr ediləcək hadisələr baş verir. Öncə məlum oldu ki, sən demə, Nəbatat bağında alimlərimizin adına gül yetişdirilir. Bu güllər içərisində ən çox bəyəndiyimsə “Akif Əlizadə gülü”dü. Baxma, alimlərə rəhbərlik edən adamın gülünün ətri bir başqa olar. Özü də bu gül əkmə məsələsi məhz onun AMEA-ya rəhbərliyindən sonra ortaya çıxıb. Bu da elmimizdə ciddi inkişafın getdiyinə bir işarədir.
Yadınızda olar, Akif müəllim AMEA-ya prezident seçilən kimi bəyan etdi ki, islahatlar aparacaq. Əvvəlcə işçilərin yaş məsələsi ortaya çıxdı. Akademik gənc alimləri yığıb dedi ki, bəs bütün diqqət elmə yönəldilməlidir, alimlərimizin uğurlarının səsi xaricdən gəlməlidir, gənc nəslə yaşıl işıq yandırılmalıdır, yaşı yetmişi adlamışlar getməlidir və s. Sonra kimsə bunun qulağına pıçıldadı ki, ay Akif müəllim, elə deməyin, öz yaşınız 80-i haqlayıb. Kişi ondan sonra bir də yaş məsələsini dilinə gətirmədi. Keçdi AMEA-nın tərkibindəki institutlara. Dedi ki, bundan sonra həmin institutlara pul ayrılmayacaq, ancaq bəyəndiyimiz layihələri maliyyələşdirəcəyik.
Qısası, islahat gül açdı. Yəqin Akif müəllim “gül yetişdirmə” layihəsini bəyəndi ki, hazırda tikinti maqnatlarının əlindən güclə alınan Nəbatat bağında o cür akademik güllər yetişdirilir. Buna da şükür. Hələ bilmirik bizi qarşıda nələr gözləyir. Ona görə hər günümüzə şükür etməliyik.
Ölkəmiz üçün maraqlı və qəribə xəbərlərdən biri də bankir oğlu İlkin Qəriblinin qumarda 1,1 milyon dollar udması oldu. Düzünü deyim ki, nə telekanalların bunu uğur kimi təqdim etməsi diqqətimi çəkdi, nə də gənc oğlanın niyə həyatını qumara qoyması düşüncəsilə beynimi yordum. Sadəcə, İlkin bəyin bircə fikri mənə xoş gəldi. Adam dedi ki, mən həmişə böyük pullarla oynamışam.
Maşallah, böyük oyunlar böyük də qazandırar. Nə deyək? Necə deyək ki, o pullar bu kasıb camaatın boğazından kəsib atanın bankına verdiyi kreditlərdir? Desəm, elə biləcəklər bankın fəaliyyətimə görə kredit kartlarımı dondurmasının heyfini alıram. Yeri gəlmişkən, bəs deyirlər, bank siyasətə qarışmır? O zaman niyə yaxşı müştəri olduğum halda kartlarım dondurulur və “bizlik deyil, “yuxarı”dan tapşırıq almışıq” şifahi cavabı verilir? Nə isə, bu, başqa bir mövzudur və inşallah, bankla işimiz məhkəmə çəkişmələri həddinə keçəndə həmkarlarım yazacaq.
Qayıdaq bankir oğlunun qumara marağına. Bu həvəs cavan oğlanda boşuna yaranmayıb. Hələ 5 il əvvəl mətbuat yazırdı ki, adamın atası dünyanın kazino mərkəzlərindən hesab olunan Monto-Karloda mülk alıb, ailəsi də orda yaşayır. Bankın Azərbaycanda sərmayə qoyduğu əsas sahə də futboldur. Yəni bukmeker kontorlarında ən çox pul qoyulan sahə. Deməyim də odur ki, adam gözün açandan qumarın içində olub, ona görə də bu məbləğdə pul udmasında təəccüblü heç nə yoxdur. Bu, Tanrının onlara ailəlikcə verdiyi bacarıqdır.
Amma təəssüf ki, həyat da qumardır. Gərək imkansızların alın təri ilə toplanan məbləği qumara qoyanda bir az da bu barədə düşünəsən...
Son xəbərlər
Son Xəbərlər