Müəllimim Əlvan Əliyevin xatirəsinə
Ali təhsilimin sonuncu ilində idim. Nə gizlədim, içimdə bir boşluq yaranmışdı, bu qənaətdə idim ki, yaxşı təhsil ala bilmədim, az şeylər öyrəndim. Bir sözlə, nankorluq kimi görünməsin, bəxtim gətirməmişdi deyəsən.
Mən həyatdan narazı-narazı son təhsil ilimə başlarkən günlərin bir günündə auditoriyamıza yeni bir müəllim gəldi. Gənc, zahirən sakit, amma çox enerjili idi. Elə birinci dərsdə hiss etdim ki, o xeyli dərəcədə fərqlidir və biz yeni nələrsə öyrənəcəyik. Belə də oldu. Əlvan müəllim yavaş-yavaş öz orbitini yaratmağa və bizi oraya cəzb etməyə başlamışdı. Onun dərslərində öyrəndik ki, R. Aron, Z. Bjezinski, H. Kissincer və b. kimi fərqli düşüncə daşıyıcıları var, özü də bu insanlar Sovetlər Birliyi haqqında maraqlı (tənqidi) mülahizələrin müəllifləridir. Əlvan müəllim bizə demirdi ki, konkret hansı məsələdə Sovet alimləri, yoxsa qərb mütəxəssisləri haqlıdır. Aydın hiss olunurdu ki, o tərəflərin düşüncələrini dilə gətirir və müqayisə aparıb nəticə çıxarmağı tələbənin öhdəsinə buraxmağa çalışır. Özü də bu işi o qədər ustalıqla edirdi ki, kimin haqlı olduğunu müəyyənləşdirmək çətinlik törətmirdi.
Müəllim insana auditoriyada bilik verir, xüsusi metodikalarla yeni bilik qazanma imkanları yaradır. Amma elə müəllimlər var ki, bilik verməklə kifayətlənmir, insana bütün həyatı boyu gərək olan yaraqlar (silahlar) verir. Az-çox analitik təfəkkürüm, müqayisəli təhlil qabiliyyətim varsa, bunun təməlini yaradan insanlardan biri də Əlvan müəllim olub. Mənə verilən (həm də qazandığım) bu yaraq bütün həyatım boyu hər zaman dadıma çatdı və hətta başqa zəruri yaraqları əldə etməyə vəsilə oldu. Sonralar əmin oldum ki, 1980-ci illərdə milli müstəqillik uğrunda mübarizəni ardıcıl və inamla aparmaq lazımdır, elmdə uğurlar qazanmaq üçün gərgin əmək sərf etmək tələb olunur. Sonralar ona da əmin oldum ki, həyatın ancaq görünən dünyadan ibarət olmadığını, yüksək materiyalarla yaşamağın insan üçün zəruri olduğunu deyən başqa bir müəllimim də düz deyir, ziyalının ədalətli olmağa məhkum olduğunu mənə öyrədən üçüncü bir müəllimim də düz deyir və mənə dürüst yaşamaq üçün “ədalət”, “insaf kodeksi” adlanan yeni yaraq verir.
Belə baxanda elə bu üç yaraq az deyil və onların köməyi ilə sonralar xeyli bilik və bacarıqlar qazanmaq, uğurlar əldə etmək mümkün olur.
Zəkamın və qəlbimin memarlarından biri olan Əlvan müəllimin işıqlı siması sağlığında da, dünyasını dəyişəndən sonra da hər zaman gözümün önündədir-1978-ci ildə ilk dəfə gördüyüm şəkildə.