- Necə oldu ki, “Miss Azerbaijan” gözəllik müsabiqəsinə qatıldınız?
- “Miss Azerbaijan” ilk gözəllik müsabiqəsidir ki, mən iştirak edirdim. Bu uşaqlıq arzum idi. Şükür Allaha yarışmaya qatıldım və qalib gəldim. Əgər bir arzunu ürəkdən istəyirsənsə, o mütləq həyata keçir. Fiziki cəhəddən çətin idi yarışma. Amma qızlar çox gülərüz idi, sevinə-sevinə məşqə gedirdik. Mən trinajorla məşğul oluram. Məncə özünə güvənən, formada qalmaq istəyən xanım idmanla məşğul olmalıdır.
- Niyə məhz “Miss Azerbaijan” müsabiqəsi?
- Şükür Allaha müsabiqələr çoxalır, istəyən xanımlar özlərini burada sınaya bilərlər. Bu müsabiqə vətənimin adını daşıdığı üçün “Miss Azerbaijan” seçdim.
- Yəqin, bundan sonra dünyamiqyaslı yarışmaya qatılacaqsınız?
- Hazırda dincəlməyə çalışıram. Dünya gözəllik müsabiqəsinin harada keçiriləcəyi bəlli deyil və qeydiyyat başlamayıb.
- Model olmaq üçün bir xanıma nə lazımdır?
- Əgər özünə güvənirsənsə, fotomodel ola bilərsən. Çünki burada boy, yaş məhdudiyyəti yoxdur. Deyirlər eybəcər xanım yoxdur, baxımsız xanım var. Əgər boyunuz, vücudunuz imkan verirsə, model ola bilərsiniz.
- Sizin çəkiniz, boyunuz nə qədərdir?
- Çəkim 49 kilo, boyum 1.74 smdir.
- Ananız yarışmada da, müsahiblərdə də yanınızdadır. Bunun sizə bir köməyi varmı?
- Əlbəttə var. Anamın yanıma olması mənə stimul verir. Mən anama PR menecer deyirəm. Çünki hər yerdə yanımdadır.
- Bəs ananız sizə hansısa qadağaları qoyub?
- Anam mənə iki qadağa qoyub. Saçlarımı heç vaxt boyamamışam. Bir də siqaret çəkməyə icazə vermir. Mənə tapşırıb ki, siqaret qutusuna da əl vurma. Heç qutusuna da əl vurmamışam.
- Gələcək planlarınız nələrdir?
- Növbəti hədəfim dünya gözəllik yarışmasıdır. İstəyirəm ölkəmizi layiqincə təmsil etməkdir. İndi Azərbaycan bir çox layihələrdə təmsil olunur, mən də bu siyahıya qoşulmaq istəyirəm.
- Gələcək ailənizi necə təsəvvür edirsiniz?
- İki mərtəbəli balaca ev, həyətdə bir it olsun. Üç uşağım olsun: iki oğlan, bir qız. Qız balaca olsun ki, qardaşları onu qorusun. Evimin yarısı mətbəx olsun. Yemək bişirməyi çox sevirəm, istəyirəm mətbəxim böyük olsun. Evimdə kamin də olsun ki, uşaqlarımla qışda onun başına toplaşaq.
- Bəs Cavidan necə bəyləri bəyənir?
- Mütləq həyat yoldaşım hündürboy və yaraşıqlı olmalıdır ki, uşaqlarım da qəşəng olsun. Özünə güvənən və müstəqil bəy olmalıdır.
- Bəs kişilərdə hansı xüsusiyyətləri bəyənmirsiniz?
- Özü haqda çox danışan kişiləri bəyənmirəm. İnsan onsuz da qarşısındakının necə biri olduğunu hərəkətlərindən görür. Hərəkətlərə inanmaq lazımdır, sözlərə yox.
- Geyimləri seçərkən nələrə diqqət edirsiniz?
- Heç kim geyim seçərkən mənə kömək etmir. Mən başqalarına kömək edirəm. Harasa gedəndə yarım saata hazır olur. Əgər anamla gedirəmsə, iki saata hazırlaşırıq.
Son xəbərlər
Son Xəbərlər