“Həyat yoldaşım uzun illərdir xəstədir”

heyat-yoldasim-uzun-illerdir-xestedir
Oxunma sayı: 4945

“Bilirsiniz, hər anın öz hökmü var. Lazım olan müddətdə yenilənmə getməlidir, yenilər, cavanlar, xarici dilləri bilənlər, dünyagörüşlülər gəlməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Bakının sabiq meri Hacıbala Abutalıbov bu günlərdə YAP-ın İdarə Heyətindən uzaqlaşdırılmasıyla bağlı modern.az saytına verdiyi müsahibədə deyib.

O bildirib ki, sözsüz ki, bu dəfə belə bir addımın vaxtı çatmışdı: “Əlbəttə, yaşlı nəsil çəkilməlidir qırağa, cavanlar idarəetməyə gəlməlidir. Yalnız bu, inkişafa təkan verə bilər. Dəyişiklik olmalı idi və oldu da. Bunu yalnız və yalnız alqışlayıram. Narazı olmağa əsas da yoxdur. Çünki mən Yeni Azərbaycan Partiyasının üzvü kimi partiyanın dayaqlarını dəstəkləyəcəyəm”.

H. Abutalıbov həmçinin müsahibədə ümummilli lider Heydər Əliyevə olan sevgisindən də danışıb. O qeyd edib ki, ürəyində Azərbaycan dövlətinin qurucusu, müstəqilliyimizin əsasını qoyan böyük insan, şəxsiyyət Heydər Əliyev sevgisi var: “Əgər doğurdan da mənim ürəyimdə Heydər Əliyev sevgisi varsa, deməli Heydər Əliyevə sədaqətim var. Əgər Heydər Əliyevə sədaqətim varsa, onun yaratdığı dövlətə sevgim var və buna heç vaxt xəyanət edə bilmərəm. Çünki bu sevgi əbədidir. Dövlətimizin əsasını qoyan şəxsə həmişə baş əymişəm, əyirəm, həmişə də baş əyəcəyəm. Elə indi Heydər Əliyevin məzarını ziyarətdən gəlirəm. Onun ruhu qarşısında baş əyib gəldim, onunla söbət etdim, dərdləşdim. O söhbət də mənimlə Heydər Əliyevimizin arasında qalacaq. Hər gün evdən ancaq Heydər Əliyev və bu yaxınlarda koronavirusdan rəhmətə getmiş qardaşımın məzarını ziyarət etmək üçün çıxıram”.

Sabiq mer bundan əlavə ailəsi barədə də söhbət açıb. O bildirib ki, ürəyi çox doludur, yanğı ilə danışır: “Mən bir ata kimi çox xoşbəxtəm. Xoşbəxtəm ki, övladlarım məndən nəsə tələb etmir, onlar öz ayaqları üstündə dayanmağı bacarırlar, ailələrinin yanındadırlar. Gəlinlərimdən də razıyam. Yeməyimə qədər bişirib göndərirlər. Ona görə göndərirlər ki, həyat yoldaşım yanımda deyil. Uzun illərdir xəstədir, hazırda Almaniyada müalicə alır. Pis xəstəlik, xərçəng (kövrəlir). Bir dəfə ağırlaşanda onu geri qazana bildik. İndi yenə ağırlaşıb. Allah bilən məsləhətdir, hər şey onun əlindədir”.

H. Abutalıbov oğlunun Türkiyədə biznes qurması barədə uzun müddət yayılan informasiyalara da münasibət bildirib “Mənim oğlanlarım uşaq deyil, 40-42 yaşları var. Ataları mənəm deyə, özlərinə iş qurmamalıdırlar, öz ailələrini dolandırmamalıdırlar? Hamı hansısa işilə, əməyilə ailəsinə çörək qazanır, mənim övladlarım da o insanlardan biridir”-deyə o qeyd edib.