“Həyat yoldaşımdan sevgi görmüşəm, buna görə cavan qalmışam” - Fotolar

heyat-yoldasimdan-sevgi-gormusem-buna-gore-cavan-qalmisam
Oxunma sayı: 8121

“Şiddət sözünü eşidən kimi tüklərim biz-biz olur. Valideynin övladını döymə, qışqırma kimi tərbiyə metodu ilə böyütməsinin əleyhinəyəm. Çünki hər zaman demişəm ki, uşağa diqqət göstərəndə o, özgüvənli böyüyür. İstər qız, istərsə də oğlan olsun. Övladı özünə inamlı şəkildə böyütmək lazımdır”. 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Xalq artisti Mələkxanım Əyyubova deyib. Məşhur xanəndə açıqlamasında şiddətə, zorakılığa qarşı olduğunu söyləyib:

“Deyirlər ki, uşaq var döyməsən başa düşmür. Bunun çarəsini tapmaq, dilini bilmək lazımdır. Şiddət uşağın yaddaşında hər zaman qalır. Eşidirik ki, oğlan xanımını döyür. Sonra araşdırırsan ki, onun atası da anasını döyüb. Demək ki, uşaq vaxtından bu davanı görüb və döyməyi adi bir şey kimi başa düşür. Uşaq gözünü açan kimi atanın anaya hörmətini görsə, heç vaxt xanımına əl qaldırmaz. Çünki o, belə görüb! Qadına, uşağa, lap küçədən keçənə əl qaldırmağın əleyhinəyəm. Heyvana da şiddət göstərənlər var. Onu da Allah yaradıb, canlı bir varlıqdır. Ona görə də şiddətdən kənar olmaq lazımdır”. 

Daha sonra muğam ifaçısı “özünüz şiddətə məruz qalmısızmı?”- sualını belə cavablandırıb: “Heç vaxt! Doğmalıq, sevgi  mühitində yaşamışam. Valideynlərim, müəllimlərim və həyat yoldaşım tərəfindən sevgi görmüşəm. Hər zaman sevgi ilə əhatə olunmuşam, sevgi qadını olmuşam. Bu səbəbdən hamıya sevgi ötürmüşəm. Elə buna görə də cavan qalmışam”. 

Tədbirə qızı Nəzrinlə qatılan sənətçi övladının rəssam olduğunu qeyd edib: “Ailədə həyat yoldaşım başqa peşənin sahibi olsa da, rəssamlıq məktəbini bitirib, təsviri incəsənətə həvəsi olub. Bu istedad uşaqlara da keçib. Bu baxımdan Nəzrin bu yolu seçdi. Qızım Mədəniyyət və İncəsənət Universitetini bitirib. İllərdir rəssamlıq sənəti ilə məşğuldur. Böyük müəllimlərdən dərs olub. Təbiəti çəkməyi çox sevir, yağlı boyalarla çox işləyir. Mənim də tablomu çəkib. Sağ və solumda tar-kaman, əlimdə isə dəf çəkib. Bütün ölkələrdə olub, sertifikatlar alıb”.

M. Əyyubova xarici görünüşündəki dəyişiklikdən də danışb. O, heç bir estetik prosedura əl atmadığını vurğulayıb: “Pəhriz saxlamıram, sadəcə olaraq qaydasında, miqdarında qidalanıram. Özümə baxmağı sevirəm. Uşaqlıqdan belə olub”. 

Qeyd edək ki, M. Əyyubovanın həyat yoldaşı Xosrof Nəcəfov Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının komandir müavinidir. Polkovnik-leytenant olan Nəcəfov bu yaxınlarda polkovnik rütbəsi alıb.