Heydər Əliyev Fondu Afinada konsert keçirib

heyder-eliyev-fondu-afinada-konsert-kecirib
Oxunma sayı: 696


"Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə iyunun 6-da Avropanın ən qədim paytaxt şəhəri sayılan Afina şəhərində Meqaro Muzikis“ Mədəniyyət Kompleksində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış edib.

Konsertdən öncə afinalıların haqlı olaraq "mədəniyyət məbədi“ adlandırdıqları və şəhərin ən böyük musiqi kompleksi olan „Meqaro Muzikis“də əsl bayram ab-havası hökm sürürdü. Konsertdə Yunanıstanın dövlət və hökumət nümayəndələri, nazirlər, Afinada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və musiqisevərlər iştirak edib.

Sonra Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Azərbaycan musiqiçiləri konsert proqramı ilə çıxış etmişlər. Klassik musiqi axşamında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Cahangir Cahangirovun, Niyazinin, Vaqif Mustafazadənin əsərləri ilə yanaşı, Astor Piatsolla, Pablo de Sarasate, Ernesto de Kurtis kimi dünya şöhrətli musiqiçilərin əsərləri səslənib. Tarzən Şəhriyar İmanovun Azərbaycan muğamları və yunan xalqının ən sevimli "Sertaki“ rəqsinin sintezindən ibarət kompozisiyası tamaşaçılar tərəfindən xüsusi rəğbət və gurultulu alqışlarla qarşılanıb.

Konsertdə xanəndələr Arzu Əliyeva, Məftun Səfərli Azərbaycan muğamlarını, Aygün Zeynalova (sopran) və Azər Rzayev (tenor) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa etmişlər. Orkestrin müşayiəti ilə Murad Adıgözəlzadə (fortepiano), Elvin Qəniyev (skripka), Nicat Məsimov (balaban), Elçin Şirinov (fortepiano) və Şəhriyar İmanov (tar) tərəfindən həm milli, həm də xarici musiqi əsərləri yüksək texnika və məharətlə səsləndirilib.