Heydər Əliyev Mərkəzində Beynəlxalq Caz Günlərinin sonuncu konserti - Video

heyder-eliyev-merkezinde-beynelxalq-caz-gunlerinin-sonuncu-konserti
Oxunma sayı: 1112

Beynəlxalq Bakı Yay Caz Günlərinin yekun akkordunu iyulun 7-də Oleq Lundstrem adına Caz Orkestri vurub.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Mərkəzinin parkında keçirilən konserti sakinlər və şəhərin qonaqları izləyə bilib. İlk dəfə 2019-cu ildə Bakıya gələn kollektiv o vaxtdan auditoriyamızın rəğbətini qazanıb və bu dəfə də yaradıcılığı ilə dinləyicilərini sevindirib.

Oleq Lundstrem adına Caz Orkestri unikal tarixə malik olan kollektivdir. 1934-cü ildə 18 yaşlı gənc cazmen Oleq Lundstremin yaratdığı və bir ildən sonra 90 illiyi qeyd ediləcək orkestr hazırda dünyada fəaliyyət göstərən ən qocaman caz orkestridir. Həmin fakt Ginnesin Rekordlar Kitabında da qeyd edilib.

Fəaliyyət göstərdiyi illərdə orkestr müxtəlif ölkələrdə 10 mindən çox konsert proqramı ilə çıxış edib. Yüz minlərlə tamaşaçı həmin konsertlərdə olub, milyonlarla insan isə kollektivin ifasını radio və televiziya vasitəsilə dinləyib.

Dünya caz elitasına daxil olan bir çox ifaçılar orkestrlə ifa edib. Kollektivin konsertləri həmişə böyük uğurla keçir və gurultulu alqışlarla qarşılanır. Beynəlxalq Bakı Yay Caz Günlərindəki konsert də istisna olmadı.

İyulun 3-dən başlayan və iyulun 7-nədək davam edən Beynəlxalq Bakı Yay Caz Günləri Premier LTD agentliyinin təşəbbüsü və təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin dəstəyi ilə baş tutub.

Digər illərdə olduğu kimi, bu il də caz günlərinin proqramı tamaşaçıları həm yerli, həm də müxtəlif ölkələrdən gələn musiqiçilərin ifaları ilə sevindirib.