Heydər Əliyev Mərkəzində “Nurlu sənət dünyası” vitrajlar sərgisi açılıb - Fotolar

heyder-eliyev-merkezinde-nurlu-senet-dunyasi-vitrajlar-sergisi-acilib
Oxunma sayı: 1648

Mayın 26-da Heydər Əliyev Mərkəzində Azərbaycanın Əməkdar rəssamı Ağasaleh Nurinin “Nurlu sənət dünyası” adlı fərdi sərgisi açılıb. 

“Qafqazinfo” xəbər verir ki, sərgidə müəllifin vitraj üslubunda əsərləri, rəsm əsərləri və eskizləri nümayiş olunur.

Azərbaycan Rəssamlar Birliyinin sədri, Xalq rəssamı Fərhad Xəlilov Vitraj sənətinin özəlliyindən bəhs edib. Bildirib ki, qədimdən vitraj əsərləri öz gözəlliyi və incəliyi ilə insanları daim düşündürmüş və heyran etmişdir. Əsrlər keçməsinə baxmayaraq dekorativ-tətbiqi sənətin bu unikal növü müasir dövrdə də maraq və diqqət mərkəzindədir.

Rəssamın qızı Aliyə Əzimova sərginin qonaqlara mənəvi bir gözəllik bəxş edəcəyinə ümidvar olduğunu söyləyib. Atasının sənətə vurğun olduğunu deyən Aliyə Əzimova bildirib ki, bu qəqər çətin sənətlə məşğul olmaq üçün ona qarşı fədəkarlıq göstərmək vacibdir. “Atamın əsərlərində Qərblə Şərqin əlaqəsi mövcuddur. Bir sərginin hazırlanması çətin prosessdir”, - deyə Aliyə Əzimova bildirib. O, sərginin açılmasında Heydər Əliyev Mərkəzinə və zəhməti keçən bütün insanlara təşəkkür edib. 

Sərgi çərçivəsində, həmçinin Ağasaleh Nurinin həyatını əks etdirən və rəssamın yaratdığı vitraj əsərlərindən ibarət “Nurlu sənət dünyası” adlı kitab da təqdim olunub.

Qeyd edək ki, Bakı metropoliteninin "İnşaatçılar" stansiyası üçün layihələndirdiyi “Musiqiçilər” adlı diplom işi kimi uğurlu başlanğıcdan sonra Ağasaleh Nuri Azərbaycanın incəsənət həyatında fəal iştirak edərək bir sıra ictimai, dövlət və özəl binalar üçün vitraj əsərləri yaradıb. Onun əsərlərini Azərbaycan Rəssamlar İttifaqı, AMEA-nın Əlyazmalar İnstitutu, Səməd Vurğunun ev muzeyi, Bibiheybət məsçidi, Bakı şəhərindəki alman lüteran kilsəsi və digər görkəmli binalarda görmək olar.

Sərgidə Ağasaleh Nurinin vitraj əsərləri, kömür və yağlı boya ilə çəkdiyi rəsmlər, həmçinin, rəssamın ərsəyə gətirmədiyi əsərlərin eskizləri də nümayiş olunur. Sərgi avqustun 28-dək  davam edəcək.