Konserti Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Rusiyadakı nümayəndəliyi Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu ilə birlikdə təşkil edib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Sankt-Peterburq və Leninqrad Vilayəti administrasiyalarının nümayəndələri, Sankt-Peterburqdakı konsul korpusunun rəhbərləri, muzey və kitabxana direktorları, aparıcı ali məktəblərin rektor, müəllim və tələbələri, habelə Rusiyanın Şimal paytaxtındakı Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Konsertdən əvvəl keçirilən görüşdə Azərbaycan tərəfindən ölkəmizin Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, onun müavini Qüdsi Osmanov, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov, Milli Məclisin deputatı Fəttah Heydərov, Rusiya tərəfindən Sankt-Peterburq Administrasiyasının Xarici Əlaqələr Komitəsi sədrinin müavini Sergey Markov və komitənin informasiya, MDB ölkələri və RF-nin regionları idarəsinin aparıcı mütəxəssisi Aleksandr Anpiloqov iştirak ediblər.
Görüşdə Azərbaycan və Sankt-Peterburq arasında humanitar əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.
Gecənin rəsmi hissəsində Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsi sədrinin müavini Sergey Markov çıxış edərək, Rusiyanın Şimal paytaxtı hökumətinin müraciətini oxuyub. Sənəddə Rusiya-Azərbaycan münasibətlərinin inkişafında Heydər Əliyevin müstəsna rolu vurğulanıb. Heydər Əliyev Fondunu 10 illik yubileyi münasibətilə təbrik edən, onun gördüyü işlərin əhəmiyyətini vurğulayan S.Markov qeyd edib ki, Azərbaycan ilə münasibətlər Sankt-Peterburq Hökumətinin beynəlxalq və xarici-iqtisadi fəaliyyətinin prioritet istiqamətidir.
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin birinci vitse-prezidenti Rasim Məmmədov Heydər Əliyev Fondunun çoxillik səmərəli fəaliyyətindən söz açaraq bildirmişdir ki, məhz Heydər Əliyevin uzaqgörən fəaliyyəti sayəsində Azərbaycan dünyada layiqli yerini tutmuşdur.
Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov ümummilli lider Heydər Əliyev ilə bağlı xatirələrini bölüşmüş, Azərbaycanın müstəqil dövlət kimi təşəkkülündə onun rolundan, ölkənin hərtərəfli inkişafına yönəlmiş titanik fəaliyyətindən söz açıb.
Sonra konsert olub. Konsertdə Sankt-Peterburq Universitetinin Kamera Orkestrinin ifasında F.Əmirov, Q.Qarayev, Niyazi, V.Mustafazadə, S.Raxmaninov və E.Kurtisin əsərləri səslənib.
Konsertin bədii rəhbəri və baş dirijoru Rusiyanın Əməkdar Artisti Andrey Alekseyev, dirijoru Azərbaycanın Xalq Artisti Teymur Göyçayev olublar.
Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətindən söz açan fotosərgi təşkil olunmuş, film nümayiş etdirilib.
Son xəbərlər
Son Xəbərlər