Heydər Əliyev Şirvanda da anıldı - Foto

heyder-eliyev-sirvanda-da-anildi
Oxunma sayı: 1468

Ümummilli lider Heydər Əliyevin “Anım günü” Şirvan şəhərində silsilə tədbirlərlə qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları öncə Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini, Heydər Əliyev Mərkəzini ziyarət edib, həyat yolu, fəaliyyəti, dövlət və xalq qarşısında tarixi xidmətləri ilə tanış olublar. Tədbirlərdə Heydər Əliyevin xatirəsi anılıb, ruhuna dualar edilib.

Heydər Əliyevin “Anım günü” ilə əlaqədar 12 dekabrda şirvanlıların, şəhərin mərkəzi meydanında ucalan Heydər Əliyevin abidəsinə və Heydər Əliyev Mərkəzinə kütləvi ümumxalq ziyarəti təşkil edilib.

Öncə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şura üzvləri, regional qurumların və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının nümayəndələri Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. 

Heydər Əliyevin anım gününə həsr olunmuş ümumşəhər tədbiri Şirvan Gənclər Evində davam etdirilib. Tədbir iştirakçıları öncə Şirvan Gənclər Evinin sərgi salonunda Heydər Əliyevin anım gününə həsr olunmuş sərgi ilə tanış olublar.

Sonra Şirvan Gənclər Evinin iclas zalında şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının, Heydər Əliyev Mərkəzinin və Gənclər Evinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda konfrans keçirilib.

Konfrans dövlət himninin ifası ilə başlayıb. Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun “Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda məruzə ilə çıxış edib.