Mayın 3-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan sərhəd mühafizəsi” mövzusunda elmi-praktik seminar keçirilib.
"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, Mərkəzin direktoru Anar Ələkbərov tədbiri açaraq elmi-praktik seminarın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edildiyini bildirib.
Mərkəzin Azərbaycan tarixinin və mədəni irsinin öyrənilməsi və təbliği istiqamətində həyata keçirdiyi layihələrdən söz açan Anar Ələkbərov burada müxtəlif mövzuları əhatə edən beynəlxalq konfransların, forumların və seminarların təşkil olunduğunu qeyd edib. Vurğulayıb ki, həmçinin mədəniyyət və incəsənət sahəsində həyata keçirilən layihələrə xüsusi diqqət yetirilir. Mərkəzdə bu sahədə bir çox tədbirlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi sayəsində reallaşır.
Mərkəzdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini, irsini əks etdirən muzeyin fəaliyyət göstərdiyini qeyd edən Anar Ələkbərov deyib: “Burada həm böyüməkdə olan gənc nəslə, həm də şəhərimizin qonaqlarına müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verilir. Ulu öndər Heydər Əliyev həyatını xalqımıza, ölkəmizin inkişafına həsr edib. O, ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə ölkəmizin tərəqqisinə böyük önəm verib. Məhz Heydər Əliyevin rəhbərliyi altında siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyasının bərqərar olması nəticəsində bu gün Azərbaycan yüksək səviyyədə inkişaf edən bir ölkəyə çevrilib. Ümummilli Liderə həsr olunan tədbirlərin Heydər Əliyev Mərkəzində keçirilməsi rəmzi məna daşıyır. Çünki onun zəngin irsinin dərindən öyrənilməsi, qorunub saxlanılması, təşviqi və hərtərəfli inkişaf etdirilməsi Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindəndir”.
Seminarda çıxış edən Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev bildirib ki, Azərbaycan sərhəd mühafizəsinin yaranması, formalaş-ması və müasir səviyyəyə yüksəlməsi bilavasitə Ümummilli Liderin adı ilə bağlıdır. “Müstəqil dövlətimiz əsrlərboyu yaşayacaqdır. Nə qədər yaşayacaqsa, o qədər də onun sərhədləri olacaq və o qədər də sərhədləri qorumaq lazım olacaqdır”, – deyən Ulu Öndər hər zaman Azərbaycan sərhədçilərini xidməti qələbələrə ruhlandırıb.
Elmi-praktik seminarı canlı videobağlantı (telekörpü) vasitəsilə Heydər Əliyev Mərkəzinin Masallı rayonu “ASAN Həyat” kompleksi nəzdində yaratdığı Heydər Əliyev İncəsənət Məktəbində cənub regionunun gəncləri də izləyiblər.



Son xəbərlər
Son Xəbərlər